ÜST: İsrailin Qəzzada səhiyyə infrastrukturuna hər hansı hücumu qəbuledilməzdir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) atəşkəs davam etsə də, İsrailin Qəzzada səhiyyə obyektlərinə qarşı hücumlarının qəbuledilməz olduğunu bildirib. Təşkilatın Riskin Azaldılması, Humanitar Əməliyyatlar və İqlim Dəyişikliyi Bölməsinin rəhbəri Tereza Zakaria bu barədə ÜST-nin həftəlik mətbuat brifinqində çıxış edib.
Zakariyanın sözlərinə görə, hücumlar insanların tibbi xidmətə çıxışını ciddi şəkildə məhdudlaşdırır və səhiyyə sisteminə inamı zəiflədir:
“İstənilən hücum cəmiyyətin səhiyyə sisteminə etimadını sarsıdır və qəbuledilməzdir".
ÜST Qəzzada 2023-cü il oktyabrından bəri 825 hücum qeydə alındığını, nəticədə 1650 nəfərin yaralandığını, 991 nəfərin isə həyatını itirdiyini açıqlayıb. Üstəlik, Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, həmin dövrdən bu günə qədər ən azı 1500 tibb işçisi həlak olub.
İşğal altındakı İordan çayının qərb sahilində isə səhiyyə xidmətlərinə qarşı 900-dən çox hücum baş verib; nəticədə 175 nəfər yaralanıb, 37 nəfər həyatını itirib.
Zakaria bölgədə səhiyyə sisteminin yenidən qurulmasının böyük problem olaraq qaldığını və insanların tibbi xidmətlərdən istifadə etməkdən qorxduğunu vurğulayıb.
TRT Haber
Aişə Mustafayeva