Van İ: ABŞ ilə İranın əldə etdiyi razılaşmanın icrası Yaxın Şərqə sülhü qaytaracaq
Çinin xarici işlər naziri Van İ İran və ABŞ arasında anlaşma memorandumunun icrasını dəstəklədiyini bildirib. O, sənədin həyata keçirilməsinin Yaxın Şərqdə sülh və sabitliyə töhfə verəcəyini vurğulayıb. Van İ Pakistan və Qətərin vasitəçiliyi ilə tərəflər arasında danışıqların başlamasını alqışlayıb və Çinin regionda sülhün bərpasına dəstəyini davam etdirəcəyini qeyd edib.
Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, İslamabad memorandumu bölgədə gərginliyin azalmasına və sabitliyin güclənməsinə töhfə verib, bu prosesdə Çinin mühüm rolu olub:
“İslamabad memorandumunun icrası, ilk növbədə, İsrailin Livandakı hərbi əməliyyatlarının dayandırılmasına gətirib çıxarıb. Eyni zamanda, bu sənəd ABŞ-ni İranı yenidən bombalamasının qarşısını alıb. Bunun ardınca Hürmüz boğazı açılıb, blokada götürülüb və neftin qiyməti düşüb. Nəticədə bölgədə müəyyən qədər sakitlik və əmin-amanlıq yaranıb. Bu prosesdə Çinin rolu danılmazdır; Prezident Tramp da xüsusilə, qeyd eləyib ki, razılaşmanın əldə olunmasında Çin olduqca ciddi rol oynayır”.
Siyasi şərhçi qeyd edib ki, Danışıqlarda müəyyən risklər qalsa da, İranın nüvə proqramı, sanksiyaların ləğvi və aktivlərin qaytarılması ilə bağlı mümkün razılaşmalar Yaxın Şərqdə sülh və əməkdaşlıq üçün yeni imkanlar yarada bilər:
“Danışıqlar ilkin mərhələdə gərgin başlayıb, hətta pozulmaq təhlükəsi yarandığından tərəflər üz-üzə qalıblar. Ancaq ilk iki gündə keçirilən görüşlər müəyyən uğurlu nəticələrin olacağına dair ümidləri artırıb. Ən əsası odur ki, İranın nüvə proqramı geniş müzakirə olunacaq. İran tərəfi nüvə silahından imtina etdiyini əvvəllər dəfələrlə bəyan edib, indi isə bu məqam rəsmi şəkildə yekun sənəddə öz əksini tapacaq. Razılaşmaya əsasən, zənginləşdirilmiş uranın qarışdırılması və zənginləşdirmə faizinin aşağı endirilməsi baş verəcək. Digər məsələlərdə də qarşılıqlı razılığa gəlmək mümkün olacaq. Sanksiyalar ləğv ediləcək, İranın dondurulmuş aktivləri isə mərhələli şəkildə yenidən onun istifadəsinə veriləcək. Bütün bu addımlar regionda dinc və yanaşı yaşamaq imkanları yaradacaq. Hərçənd, İsrailin bu sülh danışıqlarını pozma ehtimalı və yaratdığı təhlükə hələ də qalmaqdadır.
Buna baxmayaraq, bölgə dövlətlərinin əməkdaşlığı və iqtisadi inkişafı üçün yeni şərait yaranacaq, bir sıra ərəb ölkələrinin İsraillə "Avraam sazişləri" imzalamaq imkanı doğacaq. Bir sözlə, Yaxın Şərqdə uzun illərdir arzulanan sülh və əməkdaşlıq mühitinin qurulması üçün ciddi şanslar mövcuddur. Təhlükələr qalsa da, bütün dünyanın ümidi ondan ibarətdir ki, regiondakı gərginlik tamamilə aradan qalxsın, dövlətlərarası münasibətlər normallaşsın və inkişaf üçün münbit şərait təmin olunsun.
Təbii ki, ümidlərlə yanaşı risklər də az deyil. Sülh danışıqlarının hər an pozulması, yekun sənədin imzalanmasında problemlərin çıxması mümkündür ki, bu da bölgədəki gərginliyi əvvəlki illərə nisbətən daha yüksək səviyyəyə qaldıra bilər”.
Aydan Əsgərxanlı