Vaqner yenidən gündəmə gəlir? - AÇIQLAMA
“Vaqner” şirkəti Rusiya Qvardiyasına və ya Rusiya Müdafiə Nazirliyinə tabe ola və yenidən Ukrayna hərbçiləri üçün ciddi təhlükə yarada bilər. Ehtimal var ki, “Vaqner”in keçmiş rəhbəri Yevgeni Priqojinin oğlu muzdlulara başçılıq edəcək. Bu iddia ilə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu çıxış edib. Maraqlıdır, Vaqnerin yeni rəhbəri təyin olunacağı təqdirdə, Rusiya-Ukrayna savaşında hansı situasiya ilə qarşılaşa bilərik ? Vaqner yenidən Rusiya-Ukrayna müharibəsində əhəmiyyətli rola sahib ola bilərmi?
“Vaqner” şirkəti Rusiya Müdafiə Nazirliyinə tabe ola və yenidən Ukrayna hərbçiləri üçün ciddi təhlükə yarada bilər. Hətta “Vaqner”in keçmiş rəhbəri Yevgeni Priqojinin oğlunun muzdlulara başçılıq edəcəyi gözlənilir. Bu iddia ilə çıxış edən ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun verdiyi məlumata görə, “Vaqner”in statusu qeyri-müəyyən olaraq qalır, çünki muzdlular bir neçə fərqli ölkəyə səpələniblər. Lakin sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin keçmiş “Vaqner” komandiri və Rusiya Müdafiə Nazirliyinin hazırkı əməkdaşı Andrey Troşevlə görüşüb. Kreml rəhbəri Troşevin ilk növbədə Ukraynada döyüş tapşırıqlarını yerinə yetirən yeni könüllü dəstələrin yaradılmasında iştirak edəcəyini bildirib. Lakin “Vaqner”in bəzi nümayəndələri bu açıqlamaya mənfi reaksiya verib və Priqojinin yerinə onun 25 yaşlı oğlu Pavelin gəlməsini istəyiblər. Bu reallaşacağı təqdirdə isə “Vaqner”in yenidən ciddi təhlükəyə çevrilmək potensialına sahib olacağı deyilir
"Vaqner" qruplaşmasının liderinin dəyişiləcəyi ilə bağlı səslənən iddialar isə indiki məqamda heç də əsassız deyil. Çünki hərbi şirkət Yevgeni Priqojinin rəhbərliyi dövründə belə verilən əmrlərə tabe olmayaraq talançılıq və soyğunçuluq əməlləri ilə məşğul olub. Üstəlik müharibə ərzində şirkət şəxsi heyətini artırmaq məqsədilə həbsdən yeni çıxmış qatı cinayətkarları hərbi birləşmələrinə əlavə edirdi. Bu isə təbii ki, bölmələrin mərkəzə tabeliliyini və hərbi əməliyyatların gedişatına mənfi təsir göstərirdi. Bunlarla yanaşı üsyana cəhd etdikdən sonra Afrikaya gedən Priqojin bərabərində əsasən təcrübəli və peşakar hərbçiləri aparıb. Bu səbəbdən hazırda "Vaqner" şirkətinin Afrika və dünyanın bir neçə hissəsində fərqli hərbi birləşmələri mövcuddur. Bütün bunları nəzərə aldıqda, hərbi şirkətə təyin olunacaq yeni liderin bir-birindən ayrı fəaliyyət göstərən birləşmələri bir araya gətirəcəyi və yenidən Rusiya-Ukrayna müharibəsində istifadə edəcəyi düşünülür.
Politoloq Rüstəm Tağızadə açıqlamasında bildirib ki, Vaqner qruplaşması talançılıqla, soyğunçuluqla və korrupsiyalaşmış Rusiya Federasiyasının hərbisi ilə əlaqədardır: “ NATO-nun və ABŞ-nin təlimləri sayəsində güclü olan Ukrayna ordusu Vaqner qruplaşmasının öhdəsindən gələ bilər. Ona görə də bütün gücünü enerjisini Ukraynaya sərf eliyən Rusiyayı hal-hazırda Rusiyanı, Vaqner qruplaşmasını gücləndirməkdən ötürü ona güclü silahlar və yeni güclü hərbçi başda komandan olmalıdır ki, Ukrayna ilə döyüşdə uğur qazana bilsin”.
Qeyd edək ki, digər tərəfdən bir qrup ekspert Birləşmiş Ştatlar Müharibə Araşdırmaları İnstitundan belə bir iddianın ortaya atılmasını Qərbin növbəti təxribatı adlandırır. Belə ki, "Vaqner" hərbi şirkətini terror qruplaşması adlandıraraq, Rusiya və şirkətə müxtəlif sanksiyalar tətbiq edən Qərb, şirkətin Rusiya Müdafiə Nazirliyinin tabeçiliyinə keçirilməsini istəmir. Çünki bu reallaşarsa Moskva "Vaqner"-i beynəlxalq hüquq normalarına tabe olan bir şirkətə çevirə bilər. Bu isə Qərbin maraqlarına ziddir. Bütün bunları nəzərə aldıqda Birləşmiş Ştatlar belə bir iddia ortaya atmaqla "Vaqner" daxilində müəyyən mənada xaos yaratmağa və Rusiyanın güclənməsinə mane olmağa çalışır.
Bu arada Yevgeni Priqojinin yerinə oğlu Pavel Priqojinin gələcəyi ilə bağlı səslənən fikirlər, müxtəlif iddiaların yaranmasına da səbəb olub. Belə ki, ekspertlərin fikrincə, şirkətin rəhbərliyinə Pavelin gətirilməsinin iki əsas səbəbi ola bilər. İlk olaraq, Priqojinin öldürülməsində təqsirli bilinən Moskva, bu addımla Kremlin hər hansı sui-qəsd cəhdində iştirak etmədiyi mesajını verə bilər. Digər bir ehtimal isə Pavelin atasının öldürülməsində əli var və Moskva xidmətinin qarşılığı olaraq şirkətin idarəsini ona tapşırır. Bütün bu səslənən iddiaların düzgün olub-olmamasını isə zaman göstərəcək.
Cavid