00:00:00
Yazar
Admin User
06.01.2026 17:03 75 2 dəq oxuma
Siyasət

Vaşinqton Delsi Rodriges qarşısında şərtlər irəli sürüb

Vaşinqton Delsi Rodriges qarşısında şərtlər irəli sürüb

ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuelada prezident səlahiyyətlərini icra edən Delsi Rodrigesdən Nikolas Maduronun rədd etdiyi bir sıra Vaşinqtonayönlü siyasi və təhlükəsizlik addımlarının atılmasını tələb edir.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, ABŞ-nin müvəqqəti prezident Rodrigesin qarşısına bu cür tələblərlə çıxması gözlənilən idi:

 

"Amerikanın indiyə qədər Venesuelada apardığı siyasətin mahiyyəti də elə bundan ibarətdir: ölkədə daha çox sözə baxan bir hakimiyyətin formalaşdırılması. Bu gün Rodriges qarşısında açıq tələblərin qoyulması əvvəlcədən proqnozlaşdırılsa da, bunu normal siyasət saymaq çətindir. ABŞ ən azı yeni müvəqqəti prezidentin ölkədaxili mövqeyinin möhkəmlənməsi üçün bu cür jestləri açıq formada etməməli idi. Onsuz da aydındır ki, əvvəlki prezident bir gecənin içində həyat yoldaşı ilə birlikdə aparılıbsa, növbəti prezidentlər bu aqibəti nəzərə alaraq ABŞ ilə daha ehtiyatlı davranacaqlar. Rodrigesin indiki şəraitdə Amerikaya qarşı sərt mövqe tutması real görünmür və bu, onun ABŞ-yə münasibətdə qəti siyasi seçim etdiyini göstərmir".

 

Həmçinin müsahib qeyd edib ki, Rodrigesin Amerikadan çəkinməməsi mümkün deyil, o, özündən əvvəlki prezidentin taleyindən nəticə çıxarır:

 

"Bu səbəbdən onun ABŞ-yə "diş göstərməsi" real sayılmır. Belə bir şəraitdə Amerikanın Rodriges qarşısında açıq tələblər irəli sürməsi düzgün siyasət təsiri bağışlamır. Çünki bu tələblər irəli sürülməsə belə, Rodriges Venesuelanın siyasətini bütün hallarda ABŞ ilə əlaqələndirəcək və bir çox məsələlərdə güzəştə gedəcək. Bu proses taktiki dəyişiklik deyil, əvvəldən planlaşdırılan siyasətin davamıdır. Rodrigesin ABŞ siyasətini qəbul etməkdən başqa real alternativi yoxdur və bu, ölkə daxilində sabitliyin qorunmasına müəyyən töhfə verə bilər. Əks halda, Amerikanın daxili siyasətə təsir imkanları işə düşə və ölkədə yenidən qarışıqlıq yarana bilər. Ona görə də siyasi sabitliyi qorumaq üçün bu təsiri mümkün qədər neytrallaşdırmaq vacibdir və Rodriges bunu yalnız müdrik siyasətlə bacara bilər".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər