Vaşinqton görüşündən sonra Ermənistanın siyasi mövqeyi
ABŞ-nin Vaşinqton şəhərində baş tutan görüşdən sonra Ermənistanın siyasi mövqeyi regional və daxili səviyyədə geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a bildirib ki, Vaşinqton görüşü Ermənistan daxilində siyasi mübarizənin də göstəricisidir:
“Vaşinqton görüşü, bir tərəfdən, Ermənistanın beynəlxalq səhnədə diplomatik mövqeyini möhkəmləndirməyə hesablanıb. Lakin daxildə bu, yeni siyasi gərginlik yaratdı. Köçəryan və digər müxalif qüvvələr bu görüşdən istifadə edərək Paşinyanın uğursuzluqlarını ön plana çıxarmağa çalışır və cəmiyyətə mesaj verir ki, indiyə qədər heç bir konkret nəticə əldə edilməyib. Bu, daxili siyasi mübarizənin gücləndiyini göstərir. Digər tərəfdən, görüşün region üçün əhəmiyyəti də böyükdür. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinə təsir edə bilər, eyni zamanda Ermənistan-Türkiyə münasibətlərində müəyyən dinamika yarada bilər. Görüşdən sonra regionda stabillik perspektivləri yaranır, amma hələlik bəzi sərhəd və təhlükəsizlik məsələləri tam həllini tapmayıb. Bu baxımdan, Paşinyan hökuməti həm xarici siyasətdə strateji addımlar atmalı, həm də daxili siyasi rəqiblərin təzyiqini balanslı şəkildə idarə etməlidir. Əks halda, daxildəki tənqidlər və regional öhdəliklər arasında konflikt yaranma riski yüksəkdir. Vaşinqton görüşü Ermənistan üçün həm diplomatik uğur, həm də daxili siyasi çətinliklər yaradır. Görüşün uzunmüddətli nəticələri regionda sülh və stabilliyin formalaşmasına xidmət edə bilər, lakin Ermənistan hakimiyyəti daxili konsolidasiyanı təmin etməsə, bu uğurlar yarımçıq qala bilər”.
Fatimə Hüseynli
