Vaşinqton razılaşması: Azərbaycan bölgədə sülhün əsas memarına çevrilir
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan görüşündən sonra bölgədə sülh prosesində yeni mərhələ başlayıb. Bu prosesdə Azərbaycan yenə də aparıcı rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atılır. Qazaxıstana səfəri zamanı İlham Əliyev və Kasım-Jomart Tokayevin görüşündə Ermənistana tətbiq edilən tranzit embarqosunun ləğv edilməsi qərara alınıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Cənubi Qafqazda yeni dövr başlayıb:
"Bu sülh və əməkdaşlıq dövrüdür. Vaşinqtonda sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma yeni mərhələyə istiqamət verir. Bu razılaşmaların nəticəsidir ki, artıq Ermənistana tranzit qadağası ləğv edilib. İrəvandan da bu istiqamətdə müsbət mesajlar gəlir. Paşinyan Türkiyə-Azərbaycan tranziti üçün sərhədlərini açmağa hazır olduğunu bildirir. Əslində bəzi qüvvələr Azərbaycan-Ermənistan münaqişəsinin davam etməsində maraqlı idi. Bu vəziyyət onlara region nəzarət altında saxlamağa imkan verirdi. İndi isə Cənubi Qafqazda mövcud olan üç dövlət qərarlarını özləri verir və heç bir kənar qüvvəyə müdaxilə imkanı yaratmır. Əslində isə formalaşan bu sülh və əməkdaşlıq mühitinin memarı Azərbaycan Prezidentidir. Çünki məhz güclü Azərbaycan regiona münaqişə yox, əməkdaşlıq gətirə bildi. Azərbaycanın liderliyi ilə regionda yaranan təhlükəsiz mühit, qlobal ticarətə də müsbət təsir göstərir. Avrasiyanın həm şimalında, həm də cənubunda yaranan təhlükəsizlik problemləri indi Azərbaycanın da iştirakçısı olduğu, təhlükəsiz və səmərəli Orta Dəhlizi diqqət mərkəzinə salıb".
Aişə Mustafayeva
