Vaşinqton və Tehran dinc nüvə inkişafının saxlanmasını müzakirə edirlər
Beynəlxalq Atom Enerjisi Agentliyi(BAEA) tərəfindən həyata keçirilən nəzarət mexanizmlərinin gücləndirilməsi təklif olunur.
Məsələ ilə bağlı politoloq Samir Hümbətov "İnformator.az"a açıqlamasında bildirib ki, bu barədə danışıqların olmasının səbəbi ABŞ-nin qətiyyətli olmasıdır:
"İran tərəfi vəziyyətin gərgin olduğunu görür. ABŞ ilə Çin arasında gərginlik var, Rusiyanın isə diqqəti başqa istiqamətlərə yönəlib. Eyni zamanda, ABŞ müxtəlif istiqamətlərdə hərbi güc toplamağa başlayıb və bu da o deməkdir ki, müharibə olmasa da, ciddi hərbi qarşıdurma riski var. Bu isə İranda ciddi narahatlıq yaradacaq bir məsələdir, çünki İranın iqtisadi vəziyyəti çox ağırdır. İqtisadi çətinliklər və mümkün müharibə birbaşa olaraq İran rejimi üçün ciddi təhdidlər yaradıb. Məhz buna görə də danışıqlara başlanılıb. Əgər bu danışıqlar İranın baxış bucağından uğurla nəticələnərsə, bu, ABŞ tərəfindən İrana qarşı tətbiq olunan sanksiyaların yumşaldılmasına səbəb ola bilər. Eyni zamanda İran da nüvə proqramını – daha doğrusu, silah məqsədli nüvə proqramını – dayandıra bilər".
Ekspert həmçinin, bunu da qeyd edib ki, bu proqram çərçivəsində atom elektrik stansiyalarında elektrik enerjisi istehsal edilə bilər, lakin bu, nüvə silahı istehsalına şərait yaratmamalıdır:
"Burada əsas məsələ İranın zənginləşdirilmə səviyyəsidir. Beynəlxalq standartlara görə bu, maksimum 3,67% səviyyəsində olmalıdır. Yəni bu dərəcədə zənginləşdirilmiş uran yalnız enerji istehsalı üçün istifadə oluna bilər. Əgər bu faiz daha yüksək olarsa, bu, artıq nüvə silahı əldə etmək imkanı deməkdir. Mən düşünürəm ki, bu danışıqlar nəticə versə də, İran yenə də bəzi məsələləri gizli saxlamağa çalışacaq. Bu isə regional və qlobal təhlükəsizlik baxımından ciddi bir təhdiddir. Bunu anlamaq üçün məsələni daha dərindən təhlil etmək lazımdır. Əgər razılaşma əldə olunarsa, bu, İranın dondurulmuş aktivlərinin azad olunması və iqtisadi baxımdan müəyyən yumşalma ilə nəticələnə bilər. Eyni zamanda İranın bütün nüvə obyektlərinin beynəlxalq müşahidəçilər və qərb ölkələri tərəfindən yoxlanmasına imkan yaradıla bilər".
Güllər Gülhüseynova