00:00:00
Yazar
Lalə Qafarova
23.02.2026 20:10 12 2 dəq oxuma
Siyasət

Vaşinqton və Tehran savaşla saziş astanasında - iki həftəliyə təxirə salınan müharibə

Vaşinqton və Tehran savaşla saziş astanasında - iki həftəliyə təxirə salınan müharibə

ABŞ İrana möhlət verib. Prezident Donald Tramp “Sülh Şurası”nın ilk iclasında bildirib ki, dünya yaxın 10 gündə İranla bağlı baş verənlərdən xəbər tutacaq. O əlavə edib ki, Tehran nüvə məsələsində sövdələşməyə razılıq verməzsə, çox pis hadisələr baş verəcək.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, İran razılaşmaya gəlməsə, ötən il baş verənlər təkrarlana bilər:

 

“İsrailin İrana hücumu, hücumun sonuncu günündə Amerika Birləşmiş Ştatlarının İranın strateji nüvə obyektlərini vurması bütün dünyanın gözü qarşısında baş verdi. Yəni Amerika Birləşmiş Ştatları indinin özündə də bunu edə bilər, amma etmir. İrana imkan verir ki, danışıqlara gəlsin, anlaşsınlar, məsələlər dinc yolla həllini tapsın. Əlbəttə, İranda da bir dirəniş var. Yəni özlərini hamıdan ağıllı saydıqlarına görə ABŞ-nin qarşısında geri çəkilmək istəmədiklərini göstərməyə çalışırlar. Nəticə isə acınacaqlı olacaq. ABŞ okeanın o tayından daşıyıb gətirdiyi arsenalı işə salacaq və İranı güc yolu ilə, necə deyərlər, sülhə məcbur edəcək. Diplomatik həllə gəlincə, Amerika Birləşmiş Ştatlarının problemi yoxdur. Yəni Amerika hər zaman belə məsələlərdə açıq olub, danışıqlara meylli olub. Çünki həm özünə əmindir, həm də düşünür ki, problemləri danışıqlar yolu ilə həll etmək daha məqsədəuyğundur. Bu baxımdan Amerika tərəfində problem görünmür. Amma İran tərəfində problem var. Xüsusilə də İranın ali dini rəhbərliyi tərəfində. Onlar faktiki olaraq yenə də Amerikaya meydan oxumağa çalışırlar. Təbii ki, bu meydan oxuma da nəticə etibarilə öz başlarında çatlayacaq.

Əlbəttə, bu gərginliyə bir də Azərbaycan perspektivindən yanaşmalıyıq və eyni zamanda daha geniş türk coğrafiyası perspektivindən baxmalıyıq. Biz arzu etmirik ki, müharibə olsun, ümumiyyətlə, İranın daxilində qan tökülsün. Amma İrandakı rejim özü xalqı bu qanlı müharibəyə sürükləyir. Sürükləyirsə, deməli, biz də hazır olmalıyıq. Yəni Azərbaycan Respublikası, eləcə də qardaş Türkiyə və digər türk dövlətləri hazır olmalıdır. Ən azı üç türk dövləti - Türkiyə, Azərbaycan və Türkmənistan İranla həmsərhəddir. Əlbəttə ki, qonşuda yanğın varsa, onun bizə də sıçrama ehtimalı az deyil. O baxımdan biz də hazırlıqlı olmalıyıq.

Ümumiyyətlə isə, mənim bildiyimə görə, Azərbaycan tərəfi, Prezident İlham Əliyevin özü də imkan və nüfuzundan istifadə edərək Amerika Birləşmiş Ştatlarının İrana hücum etməməsinə çalışır. Azərbaycan dövləti burada da İrana jest edir. Baxmayaraq ki, İran bütün məsələlərdə Azərbaycanı günahlandırmağı adətə çevirib, yenə də Azərbaycan dövləti çalışır ki, İrana zərbə endirilməsin, məsələlər masa arxasında həll edilsin”.

 

Selcan Xudiyeva

#baki #azərbaycan #tehran #təxirə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər