Vaşinqtonda həlledici görüş
Donald Tramp və Volodimir Zelenski cümə günü Vaşinqtonda görüşərək Moskvanı danışıqlara məcbur etməyin yollarını müzakirə edəcəklər.
Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Trump daha çox Zelenskini sülhə məcbur etməyə cəhd göstərəcək:
“Trampın görüş ərəfəsində Putin ilə danışması və Alyaskadakı razılaşmaları xatırlatması onu göstərir ki, proses əksinə olacaq. Tramp daha çox Zelenskini sülhə məcbur etməyə cəhd göstərəcək. Çünki bu günə qədər Trampın Zelenski ilə sülhə bağlı heç bir razılaşması yoxdur. Ancaq Putinlə Alyaskada razılaşdığı müddəalar var və özü də açıq şəkildə deyib ki, “bizim mövqelərimiz 80% üst-üstə düşür. Üstəlik, yaxın günlərdə Macarıstanda Putinlə görüşmək barədə razılığa gəlməsi Ukrayna üçün qətiyyən yaxşı xəbər deyil. Dünənki telefon danışığı – Putinin olan telefon danışığı – bir daha göstərdi ki, Tramp “Tamagaf” raketlərini vermək istəmir. Putini sülhə məcbur etmək yolunu tutmaq istəmir və daha çox Alyaskada razılaşdırılmış müddəaları Zelenskiyə qəbul etdirmək istəyir. Söhbət ərazi mübadiləsindən, Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın nəzarətində qalmasından və Ukraynanın NATO üzvlüyündən imtina etməsindən gedir. Digər məsələlər yəqin ki, müzakirə oluna bilər və burada Rusiyanı müəyyən güzəştlərə məcbur etmək mümkündür. Ancaq əsas məsələlərdə, çox təəssüf ki, Tramp da Putinin mövqeyini tutmaqdadır. Trampın bu baxımdan Ukrayna prezidentindən əvvəl və sonra Rusiya ilə görüşməsi sülhə doğru, təbii ki, bir addımdır. Ancaq bu, bizim arzuladığımız və Ukraynanın istədiyi sülh deyil”.
Siyasi şərhçi eyni zamanda açıqlamasında bildirib ki , Zelenskiyə təzyiq davam edəcək:
“Əgər bu plan uğurlu olmasa, Trampın növbəti addımı nə olacaq? Hansı plan? Ortada bir plan var — Trampın Putinlə Alyaskada razılaşdırdığı plan. O planın da kökündə Zelenskini məcbur etmək dayanır. Deməli, Zelenskiyə təzyiq göstərmək də davam edəcək. Başqa cür, Trampın düşüncəsinə görə, yaxın zamanlarda sülhə nail olmaq mümkün deyil”.
Bayramlı Zəri
