Venesuela ABŞ-yə 50 milyon barrel neft verəcək
ABŞ Prezidenti Donald Tramp Venesuelanın müvəqqəti hakimiyyətinin ABŞ-yə sanksiyalara məruz qalan 30–50 milyon barrel yüksək keyfiyyətli neft ötürəcəyini açıqlayıb. Tramp bildirib ki, neft bazar qiyməti ilə satılacaq, əldə olunan vəsaitə nəzarət ABŞ vasitəsilə həyata keçiriləcək və neft Amerika limanlarına çatdırılacaq.
Mövzu ilə əlaqədar “İnformator.az” açıqlamasında politoloq Hikmət Babaoğlu bildirib ki, hazırda yeni dünya nizamına keçid mərhələsində müəyyən bir nizamsızlıq dövrü yaşanır:
“Bu da keçid mərhələsinin xarakterik xüsusiyyətlərindən biridir. Məhz buna görə dünya siyasət tarixində görünməmiş hadisələrlə üzləşməkdəyik. Lakin siyasət eyni zamanda reallıq üzərində qurulan bir sahədir.
Artıq bu reallıq baş verib. ABŞ Venesuelaya müdaxilə edib və beynəlxalq hüququ pozmuş şəxs qismində başqa bir ölkənin prezidentini öz ərazisinə aparıb. Bizim bunu hansısa hüquqi çərçivədə əsaslandırıb-əsaslandıra bilməməyimiz və ya bu addımın beynəlxalq hüquqa uyğun olub-olmaması artıq baş vermiş faktı dəyişmir.
Bəzən siyasət hadisəni hüquqi baxımdan deyil, real siyasi müstəvidə qiymətləndirməyi tələb edir. Bu baxımdan, bu gün heç bir şübhə yoxdur ki, ABŞ-Venesuela münasibətlərində tamamilə yeni bir mərhələ başlayacaq. Açıqlamalardan da göründüyü kimi, hətta açıq şəkildə təsir göstərməsə belə, bu proses ABŞ və Venesuela hakimiyyət dairələri arasında müəyyən razılaşmalar çərçivəsində baş verib.
Ona görə də, şübhəsiz ki, ABŞ və Venesuela arasında Maduro dövründən fərqli olan yeni münasibətlərə şahidlik edəcəyik. Bu münasibətlər çərçivəsində, əlbəttə ki, neft alış-verişi olacaq, embarqolar tədricən aradan qaldırılacaq, Venesuela neftinin emalı və bazara çıxarılması şərtləri dəyişəcək. Necə ki, ABŞ rəsmiləri bildirirlər ki, Amerikanın iri neft şirkətlərinin Venesuela neftinin istismarına cəlb olunması nəzərdə tutulur. Bütün bunları nəzərə alaraq demək olar ki, qarşıdakı mərhələ təkcə Venesuela ilə deyil, ümumilikdə Latın Amerikası və ABŞ münasibətləri kontekstində formalaşacaq və tamamilə fərqli bir mərhələ olacaqdır”.
Ləman Mahmudlu
