00:00:00
Yazar
Admin User
04.01.2026 13:16 77 5 dəq oxuma
Siyasət

Venesuelaya hücum qanunsuzluq və axmaqlıqdır

Venesuelaya hücum qanunsuzluq və axmaqlıqdır

Maduronun diktator olması ABŞ ordusunun Venesuelada əməliyyat keçirməsini nə qanuni, nə də məntiqli edir. Bunu ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris özünün X səhifəsində yazıb. Kamala Harris bildirib ki, bu cür “rejim dəyişikliyi” və ya “neft uğrunda” müharibələr əvvəllər də xaosa səbəb olub və bunun bədəlini Amerika xalqı ödəyib. 

 

Onun sözlərinə görə, ABŞ-nin bu addımı narkotiklə mübarizə və ya demokratiya ilə deyil, neft maraqları və Donald Trampın regional güc iddiaları ilə bağlıdır. Harris vurğulayıb ki, bu siyasət regionu qeyri-sabitləşdirir, böyük maliyyə xərcləri yaradır və ABŞ-nin əsas daxili prioritetlərindən yayındırır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib ki, ABŞ-nin Venesueladakı bu son addımı, təbii ki, beynəlxalq hüquq baxımından yol verilməz bir haldır:

 

“Ona görə ki, ola bilər, Maduro seçkiləri saxtalaşdırıb ya da qeyri-qanuni yollarla hakimiyyəti ələ alıb və əlində saxlayıb. Ancaq burada ABŞ-nin atdığı addım birbaşa Venesuela dövlətinə qarşı yönəlmiş addımdır.

 

Yəni bu ölkənin sərhədləri qeyri-qanuni şəkildə və əvvəlcədən xəbərdarlıq edilmədən pozulub. Bu ölkənin prezidenti, ABŞ-nin iddiasına görə qanuni olmasa da — və doğrudan da onun diktator olduğu, seçkiləri saxtalaşdıraraq hakimiyyəti saxladığı artıq bəlli məsələ idi. Burada məsələ Maduro şəxsiyyəti ilə məhdudlaşmır. Söhbət ABŞ-nin hər hansı müstəqil bir ölkənin sərhədlərini əvvəlcədən xəbərdar etmədən qeyri-qanuni şəkildə keçməsindən və həmin ölkənin prezidentini saxlayaraq öz ərazisinə aparmasından gedir. Bu isə, qeyd etdiyimiz kimi, beynəlxalq hüquq baxımından qəbulolunmaz bir addımdır.

 

Ancaq Kamala Harrisin iddia etdiyi kimi, bu hadisə Amerikanın milyardlarla vəsaitinin müharibəyə xərclənməsi anlamına gəlmir. Çünki bu, təxminən üç saata yaxın, ən çoxu üç saat davam edən bir əməliyyat olub. Burada ABŞ-nin hərbi strukturları səfərbər edilməyib, xüsusi maliyyə ayrılmayıb, əlavə böyük xərclər nəzərdə tutulmayıb. Sadəcə olaraq, kiçik bir qüvvə ilə konkret bir hədəf müəyyən edilib: prezidentin və həyat yoldaşının saxlanılması və ABŞ-yə gətirilməsi. Bu hədəfə də nail olunub. Bu addım dərhal ikitərəfli müharibəyə gətirib çıxarmayıb. Gələcəkdə isə başqa ssenarilər mümkündür. Venesuela tərəfi Maduronu qanuni prezident kimi tanıyaraq onun geri qaytarılmasını tələb edə bilər. ABŞ bunu qəbul etməsə, bu, potensial olaraq müharibəyə səbəb ola bilər. Ancaq bunun üçün ilk növbədə Venesuela tərəfinin ABŞ-yə müharibə elan etməsi lazımdır”.

 

 Müharibə isə hazırkı şəraitdə nə dərəcədə realdır? 

 

 

H. Səhrablı qeyd olunan sualla bağlı bildirib ki, Venesuela bu mərhələdə belə bir müharibə elan etmək cəsarətində olmayacaq:

 

“Bu baxımdan Kamala Harrisin “milyardlarla vəsait xərclənir, ABŞ-nin gəlirləri bu əməliyyata yönəldilir” iddiası doğru deyil. Ancaq Harrisin haqlı olduğu bir məqam var: bu addım beynəlxalq hüquqa uyğun atılmayıb.

 

İkinci məsələyə gəldikdə isə, demokratiya arqumenti — yəni “diktator olub, onu diktator olduğu üçün hakimiyyətdən saldıq, Venesuela xalqına demokratiya gətirəcəyik” kimi iddialar əslində boş vədlərdir. ABŞ-nin iqtisadiyyatı getdikcə yeni çağırışlara cavab verməkdə çətinlik çəkir. Xüsusilə Çinin dünya iqtisadiyyatındakı payının artması və dünya bazarlarında Çin məhsullarının dominant mövqeyə yüksəlməsi ABŞ-ni çətin vəziyyətə salıb”. 

 

Müsahibimiz qeyd edib ki, ABŞ büdcəsi hər üç-dörd aydan bir təxminən 1 trilyon dollar borclanır:

 

“Venesueladakı təbii ehtiyatlar, xüsusilə enerji ehtiyatları və onların işlənməsinin nəzarətə götürülməsi ABŞ-nin büdcə kəsirinin və üzləşdiyi iqtisadi problemlərin tam olmasa da, müəyyən bir hissəsinin qarşılanmasına kömək edə bilər. Yəni ABŞ öz iqtisadi yükünün bir hissəsini buradan əldə ediləcək gəlirlərlə azalda bilər.

 

Digər tərəfdən, bu addım qlobal bazarlarda əsas rəqiblərə enerji baxımından çətinlik yaratmaq məqsədi də daşıyır. Enerji qiymətlərinin aşağı salınması ilə Rusiyanın enerji üstünlüyünə zərbə vurula bilər. Eyni zamanda ABŞ özünə və tərəfdaşlarına daha ucuz xammal təmin edə, yaxud bu enerji ehtiyatlarını digər ölkələrə sataraq həmin alqı-satqı proseslərində Amerika şirkətlərinin böyük qazanc əldə etməsinə şərait yarada bilər.

 

Yəni burada əsas məqsəd tamamilə ABŞ-nin iqtisadi maraqlarıdır. Heç kim başqa bir xalqın demokratiya şəraitində, yoxsa diktatura altında yaşaması ilə real olaraq maraqlanmır. Bunu əvvəlki təcrübələr də sübut edir. ABŞ İraqa daxil olanda da, Yaxın Şərqin digər ölkələrində rejimləri dəyişəndə də eyni arqumentlər irəli sürülürdü. Ancaq sonradan gördük ki, ABŞ ordusunun yerləşdiyi ərazilər ya strateji, ya da iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyan bölgələr olub. Bu baxımdan Trampın səsləndirdiyi bu cür bəyanatlara inanmaq lazım deyil”. 

 

H. Səhrablı son olaraq açıqlamasında bildirib ki, Latın Amerikasında sabitlik onsuz da uzun müddətdir faktiki olaraq pozulub.:

 

“ABŞ ilə Venesuela arasındakı qarşıdurma, ABŞ ilə Meksika arasında gərginlik, Braziliya ilə ABŞ arasında mövcud olan müəyyən çəkişmələr, Kolumbiya ilə bağlı müşahidə olunan mənfi proseslər, eləcə də yarım əsrdən çoxdur sosialist rejimdə yaşayan Kuba faktoru regionda vəziyyətin kifayət qədər gərgin olduğunu göstərir. İndi isə ABŞ-nin Venesuela prezidentini ölkədən çıxararaq öz ərazisinə aparması və onu faktiki olaraq bir cinayətkar kimi mühakimə etməsi bu qarşıdurmaları yeni mərhələyə — hərbi müstəviyə keçirə bilər. Bunun baş verməsi üçün isə bir şərt var: Maduro ölkədən çıxarılsa belə, Venesuelada hələ də onun qurduğu rejim mövcuddur.

 

Əgər Maduronun silahdaşları, o cümlədən, Rusiyanın siyasi və hərbi dəstəyinə arxalanaraq, güc toplayıb ABŞ-yə qarşı müharibə elan edərlərsə, bu artıq mövcud siyasi böhranların hərbi qarşıdurma mərhələsinə keçməsinə səbəb ola bilər. Bu isə Vaşinqtonun dünyadakı nüfuzuna çox ciddi zərbə vuracaq. Çünki Vaşinqton uzun illər özünü demokratik dəyərləri yayan, ölkələrə haqq, hüquq və ədalət aparan tərəf kimi təqdim etməyə çalışıb. Baş verən bu hadisələr isə göstərir ki, ABŞ-nin əslində bu məsələlərdə əsas marağı olmayıb, yalnız öz maraqlarından çıxış edib. Bu reallıq açıq şəkildə ortaya çıxdıqca, ABŞ-nin beynəlxalq mövqeyi də ciddi şəkildə sarsılacaq”. 

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər