00:00:00
Yazar
Ayşən Səlimova
29.03.2026 20:40 67 2 dəq oxuma
Dünya

Vens: ABŞ İranda əsas hərbi məqsədlərinə çatıb, əməliyyat bir müddət də davam edəcək

Vens: ABŞ İranda əsas hərbi məqsədlərinə çatıb, əməliyyat bir müddət də davam edəcək

Vensin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp oxşar hadisələrin təkrarlanması riskini azaltmaq üçün əməliyyatı bir müddət davam etdirmək qərarına gəlib.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, bu qarşıdurma təkcə İran üçün deyil, ABŞ və bütövlükdə region üçün ciddi nəticələr doğurur:

 

"ABŞ-nin vitse-prezidenti Vens ölkəsinin hərbi məqsədlərə çatdığını bildirsə də, əməliyyatların bir müddət davam etdiriləcəyini vurğulayıb. O eyni zamanda ABŞ-nin regionda qalmaq niyyətində olmadığını qeyd edib. Bu açıqlamalar müəyyən ziddiyyətlər yaradır. ABŞ prezidenti Donald Tramp da dəfələrlə ölkəsinin məqsədlərinə çatdığını bəyan edib. Rəsmi açıqlamalara görə, İranın hərbi infrastrukturu, dəniz donanması və hava hücumundan müdafiə sistemləri ciddi şəkildə zərər görüb. Lakin reallıq fərqli mənzərə ortaya qoyur. Əgər bütün hərbi məqsədlərə nail olunubsa, əməliyyatların davam etdirilməsi sual doğurur. Adətən, müharibələrdə hədəflər əldə edildikdən sonra qarşıdurma dayanır. Hazırda isə proses davam edir və bu, regionda riskləri daha da artırır".

 

Müsahib qeyd edib ki, ABŞ rəhbərliyi İranın raket və nüvə proqramını dayandırmaq, eləcə də müəyyən siyasi dəyişikliklərə nail olmaq istədiyini dəfələrlə bəyan edib:

 

" Lakin bu istiqamətlərdə ciddi nəticələrin əldə olunmadığı görünür. İranda daxili sabitliyin pozulması ilə bağlı gözləntilər də özünü doğrultmayıb. Bu isə ABŞ-nin strategiyasında müəyyən qeyri-müəyyənlik və yanlış hesablamaların olduğunu göstərir. Qərb ekspertləri və hətta ABŞ daxilində bəzi siyasi fiqurlar da bu məsələdə narahatlıqlarını ifadə edir. Müharibə artıq bir aydır davam edir və regionda eskalasiya riskləri artır. Fars körfəzi ölkələri ciddi iqtisadi və təhlükəsizlik problemləri ilə üz-üzə qalıb. Dağıdılmış infrastrukturun bərpası üçün uzun illər və böyük maliyyə resursları tələb olunacaq. Məlumatlara görə, İranda minlərlə obyekt məhv edilib".

 

Politoloq bildirib ki, eyni zamanda, münaqişə qlobal iqtisadiyyata da təsir edir:

 

" Neftin qiyməti təxminən 40% artıb. Hörmüz boğazının bağlanması isə dünya neft ixracının mühüm hissəsini risk altına salıb. Bu vəziyyət həm istehsalçı, həm də istehlakçı ölkələr üçün ciddi iqtisadi təzyiq yaradır. Digər tərəfdən, bu münaqişə ABŞ-nin daxili siyasətinə də təsirsiz ötüşmür. Ölkədə seçki prosesi davam edir və Respublikaçıların mövqelərinin zəiflədiyi müşahidə olunur. Analitiklər Demokratların üstünlük qazanmaq ehtimalının artdığını bildirir. Müharibənin uzanması isə ABŞ üçün həm iqtisadi, həm də siyasi baxımdan əlavə risklər yaradır. Nəticə etibarilə, bu qarşıdurma təkcə İran üçün deyil, ABŞ və bütövlükdə region üçün ciddi nəticələr doğurur. Münaqişənin uzanması həm geosiyasi, həm də iqtisadi baxımdan daha geniş miqyaslı təsirlərə səbəb ola bilər".

 

Səmayə Səftərova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər