Viktor Orban parlamentə deputat kimi daxil olmayacağını açıqlayıb.
“İnformator.az” "BBC NEWS Türkçe" -yə istinadən xəbər verir ki, o, “Facebook” hesabında yayımladığı videoda parlament fəaliyyətində iştirak etməyəcəyini və deputat mandatını qəbul etməyəcəyini bildirib. Orban seçkilərdə ağır məğlubiyyət alan FIDESZ partiyasının sədri kimi fəaliyyətini davam etdirəcək.
Bu qərar onun 1990-cı ildən bəri fasiləsiz davam edən deputatlıq fəaliyyətinin başa çatması deməkdir.
Yeni parlamentdə FIDESZ cəmi 52 deputatla təmsil olunacaq, onlardan 40-ı Orbanın rəhbərlik etdiyi milli siyahı üzrə seçilib.
Orban aprelin 25-də verdiyi açıqlamada geri çəkilməsini daha gənc nəslə yer açmaq istəyi ilə əlaqələndirib. Bununla belə, o, siyasətdən tam uzaqlaşmadığını vurğulayıb.
İyunda keçiriləcək partiya qurultayı onun partiya lideri kimi gələcəyini müəyyən edəcək. Orban, həmçinin Macarıstan siyasətində “milli cəbhənin yenidən formalaşdırılması” prosesində aktiv iştirak etməyi planlaşdırdığını qeyd edib.
Seçki məğlubiyyətindən sonra ölkədə aparılan sorğular FIDESZ partiyasına etimadın azaldığını göstərib.