00:00:00
Yazar
Admin User
12.09.2025 16:56 143 2 dəq oxuma
Sosial

Virtual münasibətlər: Gerçək emosiyaların itirilməsi təhlükəsi

Virtual münasibətlər: Gerçək emosiyaların itirilməsi təhlükəsi

Virtual münasibətlərin artması insanları bir-birinə daha asan bağlasa da, bu yaxınlıq çox zaman səthi emosional əlaqələrə səbəb olur. 

 

 Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, insan bəzən qarşı tərəfi ideallaşdırır və nəticədə gözləntilər ilə reallıq arasında fərqlər yaranır:

 

"Psixoloq olaraq müasir dövrdə artmaqda olan virtual münasibətlərin həm müsbət, həm də mənfi tərəflərinə diqqət yetirmək vacibdir. Son illərdə müşahidə edirik ki, insanlar ünsiyyətin böyük bir hissəsini sosial şəbəkələr, mesajlaşma platformaları və müxtəlif onlayn tətbiqlər vasitəsilə qururlar. Bu müəyyən mənada rahatlıq gətirsə də, üzbəüz söhbət zamanı vacib olan mimika, səs tonu, bədən dili kimi qeyri-verbal siqnalların istifadəsini zəiflədir. Nəticədə real həyatda empatiya qurmaq, hissləri düzgün ifadə etmək və qarşı tərəfi tam anlamaq bacarığı tədricən zəifləyə bilir. Bu isə sosial bacarıqların azalmasına, hətta bəzi hallarda sosial narahatlıq problemlərinin yaranmasına gətirib çıxarır. Virtual münasibətlər insanların emosional yaxınlıq ehtiyacını müəyyən qədər təmin edə bilər. İnsan özünü rahat ifadə edə bildiyi mühitdə bəzən real həyatda söyləyə bilmədiyi duyğularını paylaşır. Lakin buradakı yaxınlıq çox zaman məhdud olur. Çünki ekranda qurulan münasibət daha çox təsəvvür və təxəyyül üzərində formalaşır, gerçəkliyin bütün çalarlarını əks etdirmir. İnsan bəzən qarşı tərəfi ideallaşdırır və nəticədə gözləntilər ilə reallıq arasında fərqlər yaranır. Bu fərqlər emosional məyusluğa gətirib çıxara bilər. Əgər bir insan uzun müddət yalnız virtual münasibətlərlə kifayətlənirsə, real emosional dərinlik zəifləyir. İnsan yaxınlığın fiziki tərəflərindən, toxunuş, baxış, birgə fəaliyyət, üz-üzə ünsiyyət məhrum qalır. Bu isə tənhalıq hissini dərinləşdirə, depressiv əhval formalaşdıra və münasibətlərə qarşı inamsızlıq yarada bilər. Uzun müddətdə belə bir boşluq emosional soyuma, empatiya qabiliyyətinin azalması və ümumi psixoloji balansın pozulması ilə nəticələnə bilər.

Nəticə olaraq, virtual münasibətlər müasir dünyanın ayrılmaz bir hissəsidir, lakin onları real münasibətlərin əvəzləyicisi kimi deyil, tamamlayıcısı kimi görmək lazımdır. Ən sağlam yol balansı qorumaqdır, həm onlayn, həm də real həyatda dərin, səmimi və gerçək emosiyalara əsaslanan münasibətlər qurmaqdır".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər