Vladimir Zelenskinin sülh planı Moskva üçün niyə qəbuledilməzdir?
Ukrayna Prezidenti Vladimir Zelenskinin dediyi formada müharibənin başa çatdırılmasına dair sülh planının Rusiyadan qəbul olunmaq şansı yoxdur.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Vladimir Zelenskinin irəli sürdüyü sülh planının əsas mahiyyəti Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına söykənir:
“Bu yanaşmaya görə, işğal olunan bütün ərazilərdən Rusiya qoşunlarının çıxarılması, beynəlxalq hüququn bərpası, təhlükəsizlik zəmanətləri və Ukraynanın gələcəkdə oxşar təhdidlərdən qorunması əsas prinsip kimi təqdim olunur. Lakin bu çərçivə Rusiyadan faktiki olaraq qəbulolunmaz sayılır. Çünki, Moskva müharibəni geosiyasi məğlubiyyətlə bitirəcək hər hansı modeli istisna edir. Vladimir Zelenskinin planı beynəlxalq hüquqa uyğun və normativ baxımdan əsaslandırılan olsa da, mövcud güc balansı və Rusiya siyasi-ideoloji diskursu fonunda real kompromis imkanlarını xeyli daraldır. Bu mövqelər fonunda qısa və orta müddətdə real sülh perspektivi olduqca zəif görünür. Ukrayna tərəfi üçün kapitulyasiya anlamına gələn şərtlər qəbuledilməzdir. Rusiya isə hərbi və siyasi təzyiq alətlərindən imtina etməyə hazır deyil. Məhz bu səbəbdən Aleksandr Merejkonun vurğuladığı kimi Rusiya tələblərinin genişlənməsi münaqişənin diplomatik yox, daha çox uzadılan qarşıdurma mərhələsinə keçdiyini göstərir. Beynəlxalq ictimaiyyət bu prosesdə əsasən vasitəçi və təzyiq mexanizmləri yaradan tərəf kimi çıxış edə bilər.Lakin vahid və qəti mövqe olmadığı halda bu rol simvolik çərçivədən kənara çıxmaqda çətinlik çəkir. Nəticə etibarilə, mövcud reallıqlar sülhün yaxın perspektivdən daha çox uzunmüddətli və mərhələli proses olacağını göstərir”.
Nuray Əliyeva
