00:00:00
Yazar
Admin User
01.12.2025 17:35 101 3 dəq oxuma
Siyasət

Vuçiç

Vuçiç

Serbiya Prezidenti Aleksandar Vuçiç Qərb sanksiyalarına görə Rusiya ilə münasibətlərin pisləşdiyi barədə ittihamları rədd edərək bildirib ki, Belqradla Moskva arasında gərginlik yeni deyil və 20-ci əsrin ilk yarısından mövcuddur. Bu barədə “TV İnformer” kanalı məlumat yayıb. O, “1948-dən bəri belə vəziyyət olmayıb deyirlər, amma 1917-ci il inqilabından sonra münasibətlərimiz hansısa vaxt yaxşı olubmu?” deyə vurğulayıb. Vuçiç əvvəllər sanksiyalar mövqeyini dəyişməyəcəyini desə də, gələcəkdə bu istiqamətdə addımların istisna olunmadığını bildirib.

 

Mövzu ilə əlaqədar politoloq Əli Mustafa “İnformator.az”a açıqlama edib:

 

“Təbii ki Serbiya ilə Rusiyanın müəyyən tarixi kök birlikləri var. Amma eyni zamanda fərqli siyasi maraqları da var. Vuçiçin də qeyd etdiyi kimi bugün bir sıra məqamlarda Rusiya və Serbiya Slavyan təəssübkeşliyi ilə çıxış etsələrdə onlara bəzən fərqli mövqelər diktə edir. Buna görə də mən düşünürəm ki, Moskva və Vuçiçin indiki dövrdə içərisində olduğu münasibətlər çox da sadə deyil. Həmçinin Serbiya Avropanın ortasındadır və Avropa İttifaqı ilə əməkdaşlıq etmək, Avropa İttifaqına üzv olmaq istəyir. Avropa məkanına tam inteqrasiya etmək niyyətindədir. Amma Rusiyayla əlaqələr, münasibətlər əlbəttə ki, bunu əngəlləyir”. 

 

Politoloq qeyd edib ki, digər tərəfdən, Serbiyanın strateji maraqları var və zaman-zaman müəyyən problemlər yaşanıb:

 

“Hətta tarixdən bilirik ki, uzun illər keçmiş Yuqoslaviya ilə SSRİ arasında bir soyuqluq olub. Bir sıra məsələlərdə onlar uzlaşa bilməyiblər, bir araya gələ bilməyiblər. İndi isə Rusiyayla Qərb arasında ciddi qarşıdurma və strateji rəqabət fonunda Serbiyanın özünə əlavə sorun yaratması yəqin ki, məqsədəuyğun deyil. Yəni, real politikadan çıxış edərək, Rusiyayla nə qədər məsafəli davranarsa, özünün strateji təhlükəsizliyində bir o qədər əminlik yaratmış olar. Yəqin ki, Serbiya hökuməti də bunu anlayır. Dediyim kimi, Serbiya və Rusiya ilk baxışdan sanki bir-birinə xoş münasibət bəsləyən dövlətlər kimi görünsələr də, əslində, onların fərqli maraqları var. Serbiyanın sanksiyalara qoşulması məsələsi əlbəttə ki, Rusiyanın zərərlərinə vəziyyəti dəyişir. Serbiya o qədər də böyük bir statusa malik deyil ki, onun tərəf seçməsi Rusiya–Qərb qarşıdurmasında ciddi dəyişiklik etsin.

 

Amma hər halda fərqindəyik ki, Rusiya Avropada bəzi ölkələr üzərindən — konkret olaraq Macarıstan, Slovakiya və son vaxtlar Çexiyada yeni qurulan hökumət vasitəsilə — özünə müəyyən müttəfiqlər tapmağa çalışır. Bu ölkələr üzərindən Avropada özünə müəyyən dayaq formalaşdırmağa cəhd edir. Amma düşünürəm ki, bu, Serbiya üçün o qədər də məqbul format deyil. Çünki Serbiyanın həm daxilində, həm də xaricində kifayət qədər ciddi problemlər var və mövcud hökumət də bunun fərqindədir. Yəni, Serbiya Rusiyaya görə özünü zərbə altına qoymaq istəməz və istər-istəməz Avropa ölkələrinin xəttinə uyğun fərqli bir strategiya yürütməyə məhkumdur. Təbii ki, həm iqtisadi, həm kommunikasiya, həm də siyasi baxımdan bu, Serbiyanın daha çox Avropa xəritəsi üzrə hərəkət etməsini zəruri edir”. 

 

Ə.Mustafa son olaraq açıqlamasında bildirib ki, Serbiya müəyyən tərəddüdlərə baxmayaraq, böyük ölçüdə Qərbin seçdiyi mövqeyə yaxın bir mövqe tutacaqdır:

 

“Bu mövqe isə əlbəttə ki, Rusiyanın xeyrinə olmayan bir mövqedir. Serbiya bu gün Rusiyayla eyni siyasi müstəvidə deyil. Qeyd etdiyim kimi, bəzi məsələlərdə Avropa ölkələrindən fərqli mövqelər sərgiləsə də, nəticə etibarilə Rusiyaya münasibətdə o da yaranmış axına qoşulmağa məhkumdur. Çünki bütün həyati maraqları Avropaya, Qərb dəyərlərinə bağlıdır və oradakı gerçəkliklərə uyğunlaşmaq məcburiyyətindədir. Üstəlik, bu hökumətin də dəyişməsi çətin deyil. Zaman-zaman ölkədə hökumətə qarşı ciddi xalq etirazları baş verir. Buna görə də böyük istiqamətdə Serbiya Avroatlantik xəttdə qalmaq zorundadır. Bu da onu deməyə əsas verir ki, Rusiya ən azı Avropa məsələlərində Serbiyaya çox da ciddi şəkildə söykənə bilməz. Bir formada Serbiyayla ciddi strateji əməkdaşlıq düşünə bilməz. Bu, real deyil. Serbiyanın daha çox öz milli və dövlət maraqları tələb edir ki, Rusiya ilə məsafəli davransın. Bu baxımdan düşünürəm ki, mövcud hökumət və gələcəkdə onu əvəz edəcək digər hökumətlər Serbiyanı Rusiyadan fərqli istiqamətdə aparacaqlar”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər