00:00:00
Yazar
Admin User
12.11.2025 16:55 127 2 dəq oxuma
Dünya

Vuçiç: Avropa Rusiya ilə toqquşmaya hazırlaşır

Vuçiç: Avropa Rusiya ilə toqquşmaya hazırlaşır

Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, Avropa ölkələri Rusiya ilə mümkün müharibəyə hazırlaşır. O, bunun “boş xəbər” olmadığını deyərək Serbiyanın da ordusunu gücləndirməyə və müdafiəyə daha çox sərmayə yatırmağa çağırıb.

 

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında qeyd edib ki, Serbiya Prezidenti Aleksandar Vuçiçin bəyanatı təkcə təhlükəsizlik məsələsi kimi deyil, həm də geosiyasi mesaj kimi qəbul olunur:

 

“O, Avropada silahlanma proseslərinin sürətlənməsini və müdafiə büdcələrinin artmasını göstərərək, Serbiyanın da eyni istiqamətdə addım atmalı olduğunu bildirir. Bu, əslində onun son illərdəki xarici siyasətinin yeni mərhələsini ifadə edir. Brüsseldə Vuçiçin açıqlaması bir siqnal kimi qiymətləndirilir. Aİ rəsmiləri Serbiyanın Rusiya ilə münasibətlərinə dair daha kəskin mövqe sərgiləməli olduğunu, xüsusilə də Ukrayna müharibəsi fonunda neytral mövqeyin uzunmüddətli olmadığını vurğulayırlar. NATO isə birbaşa tənqid etməkdən çəkinərək, Serbiya ilə dialoqun davam etməsinin vacibliyini bildirir. Alyans üçün hazırda əsas prioritet Balkanlarda sabitlikdir və rəsmi Belqradın regiondakı balansı pozmaması NATO üçün mühümdür.

Vuçiçin çağırışı fonunda Serbiya müdafiə sahəsində aktivləşib. Macarıstanla strateji əməkdaşlıq genişlənir, birgə hərbi təlimlər və silah istehsalı layihələri həyata keçirilir. Eyni zamanda, Fransa ilə hərbi-texniki əməkdaşlıq müzakirə olunur, yeni təyyarələrin alınması məsələsi gündəmdədir. Bu addımlar göstərir ki, Serbiya öz müdafiə qabiliyyətini artırmaqla həm də çoxvektorlu siyasət yürütməyə çalışır. Serbiya cəmiyyətində güclü dövlət və ordunun vacibliyinə dair düşüncə geniş yayılıb və bu açıqlama həmin emosiyaya uyğun səslənir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər