00:00:00
Yazar
Admin User
20.11.2025 19:06 254 2 dəq oxuma
Siyasət

Əvvəl ABŞ bir dəstə axmağın əlində idi

Əvvəl ABŞ bir dəstə axmağın əlində idi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, keçmiş ABŞ-də heç kimin hörmət etmədiyi bir dəstə axmaq var idi, lakin indi hər şey dəyişib.

 

“Prezidentimiz ayağa qalxa, danışa və ya pilləkənlərlə qalxa bilməyib. Nə etdiklərini bilməyən insanlarımız olub. Biz bütün dünya üçün rüsvayçılıq idik. İndi ABŞ-yə hörmət edilir",- deyə dövlət başçısı bildirib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, hər prezidentin idarəetmə tərzi və prioritetləri dövrün tələblərinə uyğun formalaşır:

 

“ABŞ-nin sabiq Prezidenti Cozef Baydenin yaşlı olması səbəbindən onun dövründə bir qədər siyasi proseslərdə ləngimələr və qəribə hadisələr baş verib ki, hazırkı prezident ona işarə edir. Təbii ki, öz hakimiyyətini qorumaq və nüfuzunu artırmaq üçün əvvəlki prezident barədə mənfi fikirlər səsləndirib. Əlbəttə Trampın da əvvəlki rəhbərliyi dövrü indikindən fərqlənir. Hər zamanın, dövrün, şəraitin öz liderlik tələbləri var. Trampın birinci prezidentlik dövrü ilə indikində qəbul edilən qərarlarda kifayət qədər fərqlər var. Habelə Baydenin prezidentliyi də təzadlar və fəsadlarla doludur. Lakin Prezident Tramp bu dəfə daha təcrübəli, daha aktiv, daha müdrik və daha cəsarətlidir. ABŞ-nin həm maddi gücünü, həm də siyasi nüfuzunu qaldırmaqla yanaşı, sülhpərvər obrazı yaratmaq üçün də beynəlxalq jestlər edir. Baydenin hakimiyyəti daha çox Sovet hakimiyyətinin Brejnev dövrünü xatırladır. Yalnız ayaq üstə qalmaq, mövcud olanı qorumaq üzərində durğunluq yaşanıb. Ukrayna və Rusiya arasında baş verən müharibənin başlanğıc dövrü də məhz həmin zamana təvafüq edib. Böyük ehtimalla Baydenin hakimiyyətinin zəif olması Rusiyanın daha da geniş qanad açmasına səbəb yaradıb”.

 

Ekspert qeyd edib ki, Trampın idarəetməsi ABŞ-nin nüfuzunu və sülhpərvər imicini gücləndirir:

 

“Ola bilsin, ABŞ-nin başlanğıcda sərt və mühafizəkar addım atması bu müharibənin məcrasını, bəlkə də taleyini dəyişə bilərdi. Lakin Baydenin təşəbbüsü və siyasi iradəsinin zəifliyi buna yol verməyib. Donald Trampın idarəetmə üsulu daha fərqli və daha mütərəqqidir. ABŞ-nin nüfuzunu və imkanlarını genişlətməklə yanaşı işğalçı obrazını yumşaltmaq, istismar və istila obrazını dostluq və tərəfdaşlıq müstəvisində təqdim etməyə səy göstərir. Ümumiyyətlə, Donald Trampın məqsədi dünyada sülh yaratmaq, bütün münaqişə və problemləri öz qatqısı ilə həll etməkdir. Bunun nəticəsində də öz nüfuzu ilə yanaşı, ölkəsinin nüfuzunu, qüdrətini zirvəyə daşımaqdır. ABŞ-nin nüfuzu əvvəlki prezidentin idarəçilik dövrü ilə müqayisədə xeyli yüksəlib, dünya ölkələri ilə aktiv münasibətlər və yeni əlaqələrin qurulması da bu reallığı şərtləndirən ilk amillərdəndir”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər