WhatsApp azyaşlılar üçün valideyn nəzarətli hesabları istifadəyə verib
Dünyada ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən biri olan WhatsApp azyaşlı istifadəçilərin təhlükəsizliyini artırmaq üçün yeni funksiyanı istifadəyə verməyə başlayıb. Yeni sistemə əsasən, valideynlər uşaqlarının hesabını idarə edə, kimlərin onlarla əlaqə saxlaya biləcəyinə və hansı qruplara qoşula biləcəyinə nəzarət edə biləcəklər. Funksiya mərhələli şəkildə bütün dünyada tətbiq olunur və xüsusi PIN kodu vasitəsilə qorunur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT mütəxəssisi Elvin Həsənov bildirib ki, uşaqlar artıq çox erkən yaşdan internet və sosial platformalarla təmasda olurlar:
“Bu mühit isə hər zaman təhlükəsiz olmaya bilər. Buna görə whatsapp kimi platformalar azyaşlı istifadəçilər üçün əlavə təhlükəsizlik mexanizmləri tətbiq etməyə başlayıb. Valideyn nəzarəti funksiyası uşaqların onlayn təhlükəsizliyinə bir neçə müsbət təsir göstərə bilər. Birincisi, valideynlər uşağın kimlərlə ünsiyyət qurduğunu və hansı qruplara qoşulduğunu daha yaxşı nəzarətdə saxlaya biləcək. Bu isə tanımadığı şəxslərlə əlaqə, kibertəzyiq və ya zərərli hadisələrnən qarşılaşma riskini azaldır. İkincisi, bəzi funksiyalar vasitəsilə uşağın kimdən mesaj qəbul edə biləcəyi və ya hansı qruplara əlavə oluna biləcəyi məhdudlaşdırılır. Bu da, xüsusilə, spam və ya şübhəli istifadəçilərin qarşısını almağa kömək edir.”
Həmçinin ekspert qeyd edib ki, belə funksiyalar yalnız texniki qoruma deyil, həm də valideynlə uşaq arasında rəqəmsal yanaşma ilə bağlı dialoqu gücləndirir:
“Yəni məqsəd uşaqları tam nəzarətdə saxlamaq yox, onları təhlükəsiz internet istifadəsinə öyrətməkdir. Çünki uşağın özü də hansı məlumatı paylaşmaq olar, hansısa mesaj və ya linkə inanmaq olmaz kimi təhlükəsizlik qaydalarını anlamalıdır. Valideynlər bu funksiyanı aktivləşdirmək üçün adətən tətbiqin təhlükəsizlik və məxfilik bölməsindən istifadə edə bilirlər. Orda valideyn nəzarəti və ya ailə təhlükəsizliyi kimi bölmələr vasitəsilə uşağın hesabı üçün xüsusi məhdudiyyətlər qurmaq mümkündür. Yeni sistemdə əlavə olaraq pin kodu və təsdiqləmə mexanizmləri tətbiq olunur ki, uşaqlar bu ayarları özləri dəyişə bilməsinlər. Ancaq heç bir texniki funksiya valideyn diqqətini tam əvəz edə bilməz. Ən effektiv qoruma texnologiya ilə yanaşı, valideyn nəzarəti və uşaqlara düzgün rəqəmsal davranışın öyrədilməsidir”.
Gövhər Mehyəddinova