00:00:00
Yazar
Asiman Vəliyeva
17.03.2026 19:08 27 2 dəq oxuma
Maraqlı

“Windows 11”də yeni mərhələ: Microsoft qərarını açıqlayıb

“Windows 11”də yeni mərhələ: Microsoft qərarını açıqlayıb


Microsoft” şirkəti “Windows Deployment Services” (WDS) aləti vasitəsilə “Windows 11” və “Windows Server 2025” əməliyyat sistemlərinin avtomatik quraşdırılmasını mərhələli şəkildə dayandıracağını açıqlayıb. Qərar təhlükəsizlik zəifliyinin aradan qaldırılması məqsədilə verilib. Ekspertlər bildirirlər ki, problem “Unattend.xml” konfiqurasiya faylında istifadəçi məlumatlarının və sistem parametrlərinin təhlükəsizliyinə təsir göstərə bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT mütəxəsisi Elvin Həsənov bildirir ki, WDS uzun illərdir korporativ mühitdə əməliyyat sistemlərinin şəbəkə üzərindən sürətli və avtomatlaşdırılmış şəkildə qurulması üçün istifadə olunub:

 

“Bu alət sayəsində yüzlərlə kompüteri eyni anda standart konfiqurasiya ilə quraşdırmaq mümkün olub. İndi bu prosesin məhdudlaşdırılması o deməkdir ki, şirkətlər alternativ həllərə keçməli olacaq. Bu isə əlavə vaxt, yəni alətlərin öyrənilməsi və bəzən əlavə xərc deməkdir. Xüsusilə, böyük infrastrukturu olan təşkilatlar üçün bu keçid mərhələsi müəyyən çətinlik yarada bilər”.

 

Ekspert qeyd edir ki, məsələnin ciddiyyətini anlamaq üçün ilk növbədə həmin o “Unattend.xml” faylındakı boşluğa diqqət yetirməliyik. Bu fayl əməliyyat sistemini onlarla və ya yüzlərlə kompüterə insan müdaxiləsi olmadan avtomatik quraşdırmaq üçün bir növ təlimat ssenarisi rolunu oynayır:

 

“Lakin problem ondadır ki, bu faylın daxilində çox vaxt lokal administrator parolları, lisenziya açarları və digər kritik sistem konfiqurasiyaları açıq və ya asanlıqla sındırıla bilən mətn formatında saxlanılır. Əgər şəbəkəyə sızan hər hansı bir kiberhücumçu həmin faylı ələ keçirərsə, o faktiki olaraq bütün şirkət infrastrukturunun açarını əldə etmiş olur və bu təşkilat üçün çox böyük hətta bərpaedilməz fəsadlara, korporativ məlumatların tamamilə kənar şəxslərin əlinə keçməsinə yol aça bilər. Məhz bu nəhəng riski sıfıra endirmək üçün köhnəlmiş WDS avtomatlaşdırmasından imtina edilir. Təklifim ilk olaraq, hazırda deployment prosesinin hansı hissəsinin WDS və Unattend.xml-dən asılı olduğu dəqiq yoxlansın. İkinci addım, daha müasir və təhlükəsiz alternativlərə baxmaqdır. Çünki Microsoft özü artıq köhnə deployment yanaşmalarından uzaqlaşmağı, daha müasir provisioning həllərinə keçidi tövsiyə edir. Hətta 2026-cı ilin əvvəlində Microsoft Deployment Toolkit-in də artıq dəstəklənmədiyini və təşkilatların daha modern həllərə, məsələn, Autopilot tipli yanaşmalara baxmalı olduğunu açıqlayıb. Bundan əlavə Microsoft öz sənədlərində də artıq WinPE əsaslı daha müasir deployment yanaşmaları və Configuration Manager kimi alternativlər göstərilir”.


Ədilə Hüseynzadə

#açıqlayıb #“windows #baki #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər