Xətibzadə: ABŞ beynəlxalq hüquq və diplomatiyanı hədəfə alıb
ABŞ beynəlxalq hüquq və diplomatiyanı hədəfə alıb.Bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, həm İran, həm də ABŞ-nin səsləndirdiyi bəyanatlar əslində bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik modelində mövcud olan böhranı əks etdirir:
“Məlumdur ki, ABŞ və İran uzun illərdir regional təsir, nüvə proqramı, hərbi ittifaqlar və sanksiyalar məsələsində qarşı-qarşıya dayanır və hər iki tərəf öz addımlarını beynəlxalq hüquq çərçivəsində əsaslandırmağa çalışır.
İranın ittihamlarının əsas məğzi ondan ibarətdir ki, ABŞ birtərəfli sanksiyalar, hərbi təzyiq və digər vasitələrlə beynəlxalq münasibətlərdə güc amilini ön plana çıxarır. Tehran hesab edir ki, bu siyasət diplomatik mexanizmləri zəiflədir və dövlətlərin suveren qərarlarına müdaxilə xarakteri daşıyır. Vaşinqton isə əksinə, öz addımlarını İranın regional fəaliyyətlərini məhdudlaşdırmaq, müttəfiqlərinin təhlükəsizliyini qorumaq, nüvə proqramı və dəniz yolları ilə bağlı riskləri azaltmaq məqsədi ilə izah edir.
Burada əsas problem ondan ibarətdir ki, beynəlxalq hüquq və təhlükəsizlik məsələləri böyük güclərin rəqabəti fonunda fərqli şəkildə şərh olunur. ABŞ-İran qarşıdurmasında hər iki tərəf hüquqi arqumentlərdən istifadə etsə də, əsl mübarizə daha çox regional nüfuz və strateji üstünlük uğrunda gedir. Qarşılıqlı ittihamların artması isə Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir.
Belə gərginlik təbii ki, daha geniş eskalasiya risklərini artırır. Diplomatik kanallar zəiflədikcə hərbi addımlar, qarşılıqlı təhdidlər və proksi qüvvələr üzərindən mübarizə ehtimalı yüksəlir. Xüsusilə, enerji infrastrukturu, dəniz nəqliyyatı yolları və regional logistika xətləri bu qarşıdurmanın təsir sahələrinə çevrilir. Bu isə qlobal enerji bazarlarında qeyri-müəyyənlik yaradır və Yaxın Şərqdən kənarda yerləşən ölkələrə də təsir göstərir.
Azərbaycan isə bu prosesdə xüsusilə həssas mövqeyə malikdir. Bakı həm İranla uzun sərhədə və tarixi əlaqələrə malikdir, həm də ABŞ və Qərb ölkələri ilə enerji, təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlıq edir. Buna görə də ABŞ-İran qarşıdurmasının dərinləşməsi Azərbaycan üçün müəyyən risklər yaradır. Əsas risklərdən biri regionda hərbi-siyasi gərginliyin artması, sərhəd təhlükəsizliyi məsələlərinin mürəkkəbləşməsi, qaşqın axını ehtimalı və nəqliyyat layihələrinin mümkün təsirlərlə üzləşməsidir.
Bununla yanaşı, mövcud vəziyyət Azərbaycan üçün müəyyən imkanlar da yarada bilər. Geosiyasi qeyri-müəyyənlik dövründə sabit və etibarlı tərəfdaş kimi çıxış edən ölkələrin əhəmiyyəti artır. Azərbaycanın enerji təhlükəsizliyi, tranzit imkanları və balanslaşdırılan xarici siyasəti ölkəmizə regional və beynəlxalq platformalarda əlavə diplomatik üstünlüklər verə bilər.
Ümumiyyətlə isə İranın ABŞ-ə və eləcə də Vaşinqtonun Tehrana qarşı səsləndirdiyi ittihamlar daha geniş geosiyasi qarşıdurmanın bir hissəsidir. Bizim məqsədimiz isə yaranan gərginlikdən uzaq qalmaq, bütün tərəflərlə konstruktiv münasibətləri qorumaq və milli maraqlara uyğun balanslı siyasəti davam etdirməkdir”.
Səadət Əlizadə