Xamenei ünvan verib
ABŞ-nin İranın üç nüvə obyektinə hava hücumu həyata keçirməsindən sonra İrandan cavab zərbəsi gözlənilir. Hücumlar bölgədə gərginliyi ən yüksək həddə çatdırıb. İran lideri Ayətullah Əli Xameneinin müşaviri Şəmxani ABŞ-nin istifadə etdiyi bazaların “qanuni hədəf” olduğunu bildirib.
Bu hücumlar bölgədə vəziyyəti daha da gərginləşdirərkən, İranın atacağı addımlar maraqla gözlənilir. Ayətullah Əli Xameneinin müşaviri Şəmxani isə hücumlarda istifadə olunan ABŞ hərbi bazalarının “qanuni hədəflər” olduğunu deyib.
Britaniyanın BBC yayım şirkəti, ABŞ-nin İranda rejim dəyişikliyi istəmədiyini çatdırmasından sonra İranın da cavab zərbələrinin məhdud ola biləcəyi ehtimalını gündəmə gətirib. İranın İnqilab Keşikçiləri Korpusu isə “Vaşinqton dinc obyektlərə hücum etməklə özünü birbaşa təcavüzkar cəbhənin önünə yerləşdirdi” açıqlamasını yayıb.
BBC həmçinin ABŞ-nin Yaxın Şərqdəki hərbi personalı, vətəndaşları və müəssisələrinin potensial hədəfə çevrildiyinə diqqət çəkib. ABŞ-nin bölgədə əsasən qalıcı hərbi bazalar və daha kiçik irəli mövqelər olmaqla 20-yə yaxın məkanda 40-50 min arasında əsgəri olduğu bildirilir. Bu bazaların çoxu İranın ballistik raketlərinin mənzilində yerləşir.
İranın cavab zərbələri üçün mümkün variantlardan biri də Hörmüz boğazıdır. İranın minalar vasitəsilə dünya neft tədarükünün 20 faizinin keçdiyi Hörmüz boğazını bağlaya biləcəyi iddia olunur. Hörmüz boğazına alternativ marşrut olmadığından neft qiymətlərinin sürətlə artacağından narahatlıq var. ABŞ bu ehtimala qarşı tədbirlər görür. Bölgəyə ikinci bir aviadaşıyıcı göndərilib. F-22 və F-35 döyüş təyyarələri də hərbi bazaların müdafiəsi üçün yerləşdirilib. The New York Times qəzeti yazır ki, İranın cavab zərbələrinin nə olacağını Ayətullah Əli Xameneinin verəcəyi mesajdan anlamaq mümkün olacaq. Lakin Xameneinin sığınacaqda olduğu və ya elektron əlaqəsinin kəsildiyi, buna görə də xalqa müraciət etməsinin çətinləşdiyi bildirilib.
İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektləri ilə yanaşı, ordunun yüksək komandanlıq heyətini də hədəf alan genişmiqyaslı hücumlar həyata keçirib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və bəzi yüksək rütbəli komandirlər, həmçinin 9 nüvə alimi bu hücumlarda öldürülüb. İranın Səhiyyə Nazirliyi 21 iyun tarixli açıqlamasında bildirib ki, İsrailin hücumlarında ümumilikdə 430 mülki şəxs həlak olub, yaralıların sayı isə 3500-dən çoxdur. İsrail Baş Nazirliyinin məlumatına görə, İranın həyata keçirdiyi cavab hücumlarında 24 nəfər ölüb, 1272 nəfər isə yaralanıb. ABŞ isə İsrailin İran hücumlarına dəstək verərək 22 iyunda İrandakı üç nüvə obyektinə sığınacaq deşici bombalarla zərbələr endirib.
Haberler.com
Aygün Babayeva