Xankəndidə qondarma “XİN” binasının söküntüsü başlanıb
Qondarma rejimin idarəetmə strukturlarına məxsus binalar o cümlədən "parlament", "prezident sarayı", müxtəlif "nazirliklər" və digər atributlar bir-bir sökülür, yerində isə Azərbaycanın milli memarlıq üslubuna uyğun, şəhərin əsas inkişaf planına daxil olan layihələr icra olunur.
Bu kontekstdə, Xankəndidə yerləşən və illərlə qondarma rejimin simvollarından biri hesab edilən “Xarici İşlər Nazirliyi” binasının söküntüsünə rəsmi şəkildə başlanılıb.
Mövzu ilə bağlı ekspert Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, "Xarici İşlər Nazirliyi" binasının sökülməsi labüddür:
"Qarabağda keçmiş qondarma rejimin qalıqları, simvol və atributları təmizlənməlidir. Bir qədər əvvəl Şuşada qondarma rejimin saxta "parlament binası" da aradan qaldırılmışdı. İndi də Xankəndidəki rejimin simvolu sayılan qondarma "Xarici İşlər Nazirliyi" binasının sökülməsi labüddür. Artıq sözü gedən rejim tamamilə silinib, ATƏT-in Minsk Qrupu ləğv olunub, özləri də özlərini buraxıb və ləğv olunduğunu elan ediblər. Başçıları da həbs olunaraq cinayət əməllərinə görə Bakıda mühakimə olunurlar.
Bu söküntü qanunidir. Azərbaycan dövləti öz suveren ərazisində heç bir kənar separatçı rejimin simvolunu saxlamır. Eyni zamanda şəhərin milli memarlıq üslubuna xələl gətirən binaların yeni dizaynı nəzərdən keçirilir. Bu söküntü şəhərin də əsas planına uyğundur. Əslində rejimin belə qondarma binaları istismar edərək öz simvollarına çevirmək cəhdləri də növbəti cinayətləridir. Təbii ki, bunların hamısına indi cavab verirlər.
Bu söküntü beynəlxalq qanunların tələblərinə cavab verməklə yanaşı içtimaiyyətə də mesaj verir ki, separatçılığın, terorurun və istilanın sonu bax budur. Gec - tez haqq-ədalət yerini tapır və Azərbaycan dövləti heç bir təxribatçı rejimi yaxud onun simvolunu qoynunda bəsləyə bilməz. Bu, bir növü dünyaya bir ibrətdir. Qondarma rejimin bütün atributlarının aradan qaldırılması əhalidə də sevinc hissi yaradır və qürurlanırlar. Çünki o çirkin atributlar insanların əhvalını korlayırdı. Hazırda qələbəmizin davamı, nəticəsi olaraq belə simvolların aradan qaldırılması əhalidə xoş təəssürat yaradır".
Eslanda Kulieva
