Xarici İşlər Nazirinin Türkiyə səfəri
Azərbaycan XİN başçısı Ceyhun Bayramov Türkiyəyə səfər edəcək. O, Antalya Diplomatiya Forumuna iştirak edəcək. Forumda Azərbaycan üçün hansı mövzular müzakirə olunacaq?
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "informator.az"a açıqlamasında bildirib ki, 4-cü Antalya Diplomatiya Forumu keçirilir və Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğanın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb və səfər çərçivəsində dövlət başçımızın Forumda iştirakı nəzərdə tutulur:
"Forumun gündəliyinə nəzər yetirdikdə bir çox istiqamətdə müzakirələr planlaşdırılır. Cənubi Qafqazla bağlı panel müzakirələr olması da böyük əhəmiyyət kəsb edir və düşünürəm ki, Azərbaycan nümayəndə heyətinin ən fəal iştirak edəcəyi müzakirələrdən biri də məhz elə regionla bağlı olan müzakirələrdir. Digər bir istiqamətdə Azərbaycan -Türkiyə münasibətləri, Azərbaycanın Türk dünyası ilə münasibətləri, Cənubi Qafqazda yeni təhlükəsizlik arxetekturasının formalaşdırılması istiqamətində atılan addımlar, sülh danışıqları və bir çox məqamlar Forum çərçivəsində ən çox diqqət mərkəzində olan məsələlərdir. Bu istiqamətdə ikitərəfli və çoxtərəfli formatda müzakirələrin keçirilməsi planlaşdırılır. Eyni zamanda, Ermənistan XİN başçısı Ararat Mirzoyanın da Forumda iştirak etdiyini nəzərə alsaq, qeyri-rəsmi formatda Ermənistan-Azərbaycan XİN başçıları araslnda hər hansısa bir görüşün olması ehtimalı da kifayət qədər yüksəkdir. Bu da təbii ki, sülh danışıqları kontekstində ikitərəfli formatda keçirilən görüşlərin önəmini bir daha ön plana çıxarır. Belə platformalar çərçivəsində keçirilən görüşlər müəyyən mənada sülh danışıqlarına töhfə verə biləcək addımları özündə ehtiva edir. Başqa bir istiqamətdə davam edən İsrail-Türkiyə danışıqlarında Azərbaycanın vastiçiliyi ilə bağlı bu gün paylaşılan informasiyalara, əsasən, növbəti mərhələdə İsrail ilə Türkiyə arasında danışıqların bərpa olunması və gərginliyin aradan qaldırılmasında Azərbaycan önəmli vasitəçilik missiyasını yerinə yetirir. Fikirimcə, bu istiqamətdə də müəyyən müzakirələrin keçirilməsi üçün Forum önəmli bir platforma ola bilər. Ümumilikdə, gündəliyə nəzər yetirdikdə, əslində, məsələlər kifayət qədər çoxdur. Orta Şərqdə baş verən proseslər, Türk dünyası ilə əlaqələrin inkaf etdirilməsi, Cənubi Qafqazda baş verən proseslər, Ermənistanla davam edən sülh danışıqları və bütövlükdə Qlobal sistemi əhatə edən bir çox önəmli məsələlərlə bağlı fikir mübadiləsinin aparılması üçün Antalya Diplomatiya Forumu hər zaman olduğu kimi yenə də mühüm bir dialoq imkanı yaradır".
Billurə Quliyeva