Xoşbəxtlik təbii haldır, lakin ona əsir düşmək təhlükəlidir
Müasir dövrdə xoşbəxtlik anlayışı bir çox insan üçün əsas həyat məqsədinə çevrilib. Sosial şəbəkələrdə hər kəsin xoşbəxt və uğurlu görünməsi isə insanlarda “daim gülümsəməli və pozitiv olmalıyam” təzyiqi yaradır. Mütəxəssislər bildirirlər ki, xoşbəxtliyi məcburi şəkildə yaşamağa çalışmaq insanı daha çox narazı və stressli edir.
“İnformator.az” saytına açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirib ki,xoşbəxtlik həyatın məqsədi deyil, yol boyu insanın yaşadığı təbii bir hissdir:
“Əgər insan xoşbəxtliyi hər an hiss etməyə məcburiyyət kimi görürsə, əslində həyatdan zövq almaq imkanını azaldır. Bu, ‘həmişə gülməliyəm, həmişə müsbət olmalıyam’ təzyiqinə çevrilir və uzunmüddətli narazılıq yaradır. Məqsəd dəyərlərlə yaşamaq, mənalı münasibətlər qurmaq və özünü inkişaf etdirməkdir. Əgər xoşbəxtliyi əsas məqsəd sayırıqsa, onda hər çətinlikdə ‘mən xoşbəxt deyiləm, deməli uğursuzam’ düşüncəsi yaranır. Bu isə xoşbəxtliyi asılılıq kimi göstərir. İnsan özünü həmişə xoşbəxt olmağa məcbur etdikdə, paradoksal olaraq daha çox stress keçirir”.
Psixoloq sosial şəbəkələrin də bu hissi gücləndirdiyini deyib:
“İnsanlar orada yalnız həyatlarının ən gözəl anlarını paylaşırlar. Bu, izləyicidə ‘hamı xoşbəxtdir, bircə mən geri qalmışam’ düşüncəsini yaradır. Halbuki həqiqət odur ki, hər kəsin həyatında çətinliklər var, sadəcə paylaşılmır”.
Sonda mütəxəssis qeyd edib ki,xoşbəxtlikdən qaçmaq lazım deyil, amma ona əsir düşmək də təhlükəlidir:
“Ən sağlam yanaşma odur ki, insan hər duyğunu qəbul etsin və xoşbəxtliyi məqsəd yox, yolun təbii bir hissəsi kimi görsün”.
Ayan Əsgərova