Yalan danışmaq insanı reallıqdan uzaqlaşdırır
Müasir dövrdə insanlar gündəlik həyatında ən çox rast gəlinən davranışların biri də yalan danışmaqdır.Bəzən insanlar bu vərdişi zərərsiz hesab etsə də, kiçik yalanların belə insanın daxili dünyasına ciddi təsiri var. “İnformator.az” saytına psixoloq Zeynəb Əyyubova yalan danışmağın psixoloji səbəbləri və nəticələri barədə açıqlama verib. Onun sözlərinə görə, insanlar müxtəlif səbəblərdən yalan danışmağa meyl edirlər:
“Bəzən insanlar özlərini qorumaq, cəza almamaq, münasibətləri pozmamaq üçün yalan danışırlar. Digər hallarda isə sosial status qazanmaq, qarşı tərəfdə daha yaxşı təsir buraxmaq və ya həqiqəti gizlətmək məqsədi güdülür. Əslində, yalan danışmaq çox vaxt insanın daxili qorxuları və özünə güvənsizliyi ilə bağlıdır. İnsan daim ‘yalanım üzə çıxacaqmı?’ narahatlığı ilə yaşayır. Bu isə xroniki stress, yuxu pozuntuları, narahatlıq və hətta depressiyaya səbəb ola bilər. Uzun müddətli yalançılıq insanın özünü dərkini də zəiflədir – artıq o, harda həqiqət, harda uydurma olduğunu ayırd etməkdə çətinlik çəkir”.
Psixoloq bildirib ki, çox vaxt “ağ yalan”lar qarşı tərəfi incitməmək məqsədilə deyilsə də, nəticədə etibarı zədələyir:
“Həqiqəti yumşaldaraq demək mümkündür, amma onu tam gizlətmək uzunmüddətli perspektivdə münasibətlərə zərər vurur. İnsanlar səmimi olduqda daxili gərginlik azalır, özünə inam artır və münasibətlər möhkəmlənir. Sağlam münasibətlərin əsası səmimiyyətdir və həqiqəti deməkdən çəkinməmək lazımdır”.
Ayan Əsgərova