Yalnız bu halda Rusiyaya sanksiyalar ləğv edilə bilər
Ukraynadakı münaqişə həll olunacağı təqdirdə Avropanın Rusiyaya qarşı sanksiyalarının ləğv edilməsi məsələsi nəzərdən keçirilə bilər,bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, Rusiya–Ukrayna müharibəsindən artıq bütün dünya yorulub — həm Ukraynada, həm Rusiyada, həm Avropada, həm də Amerika Birləşmiş Ştatlarında bu yorğunluq hiss olunur:
"İndi isə ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə münaqişəyə son qoyulması istiqamətində səylər göstərilir. Əlbəttə, müharibənin tam başa çatması uzunmüddətli bir prosesdir. Lakin ən azı döyüşlərin dayandırılması və davamlı danışıqlar mərhələsinin başlanması hədəflənir. ABŞ da anlayır ki, dərhal sülh müqaviləsi və ya tam razılaşma mümkün deyil. Əsas məqsəd müharibəni dayandırmaq və sülh prosesinə zəmin yaratmaqdır. Burada Rusiyanın da öz şərtləri var. Dünən Rusiya xarici işlər naziri bildirdi ki, ilkin səbəblər aradan qaldırılmalıdır. Bu səbəblər məlumdur: Ukrayna heç bir hərbi bloka, xüsusən NATO-ya daxil olmamalı, neytral dövlət statusu saxlamalı, Rusiya tərəfindən ələ keçirilən əraziləri tanımalı, rus dilinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır və s. Bu ilkin məsələlərə razılıq verilməlidir.Bu isə, təbii ki, çox çətin və ağır prosesdir. Avropa tərəfi bildirir ki, əvvəlcə atəşkəs olmalıdır. Rusiya isə əksinə, deyir ki, əvvəl bu şərtlər qəbul edilməli, sonra atəşkəs elan olunmalıdır. Problemin əsas çətinliyi də məhz buradadır.Sanksiyaların ləğvinə gəldikdə, bu addım sülh prosesinə müsbət təsir göstərə bilər. Sanksiyaların aradan qaldırılması dövlətlər arasında münasibətlərin bərpasına, danışıqların intensivləşməsinə və sülhə daha çox yaxınlaşmağa xidmət edir.Bu, Rusiyaya güzəşt sayılarmı? Əlbəttə, əgər Rusiya müəyyən şərtlər irəli sürürsə və həmin şərtlər qəbul edilmədən müharibəni dayandırmaq istəmirsə, burada müəyyən güzəştlər qaçılmazdır. Güzəştsiz sülh müqaviləsi, güzəştsiz müharibənin dayandırılması mümkün deyil. Avropa da, Amerika Birləşmiş Ştatları da bunu anlayır.Tramp dəfələrlə qeyd edib ki, Rusiya artıq dörd ildir müharibə aparır və həm iqtisadi, həm də digər sahələrdə ciddi itkilərlə üzləşib. Buna görə də, Rusiya üçün müəyyən güzəştlər edilməlidir ki, o, sülh prosesində maraqlı olsun və müharibənin dayandırılmasına razılıq versin. Bu, təbii və gözlənilən bir prosesdir — çünki güzəştsiz sülh mümkün deyil".
Qəmər Kazımzadə
