00:00:00
Yazar
Zəhra Həsənova
07.07.2026 19:10 25 4 dəq oxuma
Sosial

“Yalnız xilasedicilərin olduğu çimərliklərdən istifadə edilməlidir” - FHN rəsmisi

“Yalnız xilasedicilərin olduğu çimərliklərdən istifadə edilməlidir” - FHN rəsmisi

Yay mövsümünün başlaması ilə çimərliklərə üz tutanların sayı artır. Mütəxəssislər bildirirlər ki, suda boğulma və digər xoşagəlməz hadisələrin qarşısını almaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Xüsusilə, nəzarət olunan çimərliklərdən istifadə etmək, xəbərdarlıq nişanlarına diqqət yetirmək, spirtli içki qəbul etdikdən sonra suya girməmək və uşaqları nəzarətsiz buraxmamaq tövsiyə edilir.

 

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümünə hazırlıq çərçivəsində nəzarət etdiyi çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlər həyata keçirib.

 

Bunu FHN-in İctimaiyyətlə əlaqələr idarəsində baş məsləhətçi Azər Sarıyev “İnformator.az”a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, hazırlıq tədbirləri çərçivəsində ilk olaraq sahilboyu ərazilərdə yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib:

 

“Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli sahələrin müəyyənləşdirilməsi, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları ilə bağlı təlimatların təqdim edilməsindən ibarətdir. Çimərlik mövsümündən əvvəl xidmətin nəzarət etdiyi ərazilərdə dalğıclar vasitəsilə sualtı müayinələr və təmizləmə işləri aparılıb, üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlar quraşdırılıb. Bundan əlavə, çimərlik istifadəçilərinin məlumatlandırılması məqsədilə maarifləndirici lövhələr yerləşdirilib. Xidmət vakant matros-xilasedici vəzifələri üzrə müsabiqə elan edib və aidiyyəti şöbələr mayın 15-dən etibarən gücləndirilən iş rejimində fəaliyyət göstərirlər. Sahilboyu ərazilərdə aparılan monitorinqlər zamanı xüsusi təhlükəli çimərlik əraziləri də müəyyən edilib. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində Mil qaya, ‘Şimal Qress’ deyilən ərazi, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 12-ci dalan - ‘Daçnik’ kimi tanınan ərazi, Binəqədi rayonu, Novxanı qəsəbəsində ‘Sarı qaya’ deyilən ərazi, Qaradağ rayonunda ‘Mayak’ deyilən ərazi təhlükəli ərazilər kimi qeydə alınıb. Qeyd olunan ərazilərin mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə və digər təhlükəli xüsusiyyətlərə malik olması bu ərazilərdən istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükə yaradır. Fövqəladə Hallar Nazirliyinin apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar hələ də nəzarətsiz çimərlik ərazilərindən istifadə edirlər. Təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşların nəzarətsiz qeyri-çimərlik ərazilərindən, o cümlədən uşaq və yeniyetmələrin çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Suda boğulma hallarına səbəb olan əsas risk faktorları çimmək üçün nəzərdə tutulmayan ərazilərə daxil olmaq, xilasedici nəzarəti olmayan yerlərdə çimmək, küləkli və dalğalı hava şəraitində suya girmək, spirtli içki qəbul etdikdən sonra suya daxil olmaq və uşaqların nəzarətsiz buraxılmasıdır. Nəzarət olunan çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil edilir. Nəzarət olunan (xilasedicilər olan) çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, burada xilasedicilər xidmət aparır, xilasetmə məntəqələri fəaliyyət göstərir, xilasetmə vasitələri və ilk yardım imkanları mövcud olur. Nəzarətsiz çimərliklərdə isə belə təhlükəsizlik infrastrukturu olmadığından hər hansı fövqəladə hadisə zamanı operativ müdaxilə imkanları məhdudlaşır. Bu səbəbdən vətəndaşlara yalnız nəzarət edilən və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etməkləri tövsiyə edilir”.

 

Dövlət Xidmətinin rəsmisi qeyd edib ki, cari il ərzində ümumilikdə suda boğulma təhlükəsi ilə üzləşən 19 nəfəri əməkdaşlar xilas edib. Onlardan 13-ü çimərlik mövsümündə xilas olunub:

 

“Qeyd edək ki, xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər də onu deməyə əsas verir ki, sularda təhlükəsizliyimizin təmin olunması üçün yalnız xilasedicilərin olduqları çimərliklərdən istifadə edilməli, xilasedicilərin çağırışlarına və ərazidə quraşdırılan maarifləndirici lövhələrin tələblərinə sözsüz əməl olunmalıdır. Təhlükə zamanı ‘112’-yə zəng edin”, - deyə Azər Sarıyev əlavə edib.

 

Mövzu ilə bağlı  təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev “İnformator.az”a açıqlamasında bildirib ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan amili ilə bağlıdır:

 

“Dəniz istirahəti insanların diqqətini cəlb edən istirahət məkanlarından biri hesab olunur. Amma bu gözəllik çox tez və qəfil şəkildə insanların həyatı üçün təhlükəyə çevrilə bilər. Bəzən insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəflərinin olduğunu unudurlar. Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunan ərazilərdə çimmək hələ də adi davranış hesab olunur.

Vətəndaşlar yalnız nəzarət olunan və rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Bu məkanlarda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici heyəti fəaliyyət göstərir. Hər hansı fövqəladə hadisə baş verərsə, çevik müdaxilə etmək imkanları var. Nəzarətsiz çimərliklərdə isə xilasedici xidməti olmadığından hər hansı fövqəladə hal zamanı insan həyatını xilas etmək mümkün olmur. Nəzarət olunan çimərliklərdə suyun dərinliyi əvvəlcədən müəyyən edilir, insanların xəsarət almasına səbəb ola biləcək daş, qaya və digər maneələr təmizlənir. Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğaların hündürlüyü mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji amillərin təsiri nəticəsində çətin vəziyyətə düşə bilərlər”.

 

Ekspert hesab edir ki, maarifləndirmə tədbirləri daha da genişləndirilməlidir:

 

“İnsanlar təkcə ‘dalğalı havada suya girmək olmaz’ kimi xəbərdarlıqları deyil, dalğaların insan orqanizminə təsirini, axına düşdükdə nə baş verdiyini, boğulma zamanı orqanizmdə hansı proseslərin getdiyini də bilməlidirlər. Qadağan olunan ərazilərdə çimməyə və ya alkoqollu vəziyyətdə suya girməyə görə cərimə tədbirləri görülməlidir ki, insanlar məsuliyyətlərini daha yaxşı dərk etsinlər. Boğulma hadisələrinin çoxu saniyələr içində səssiz baş verir. İnsanlar qışqırmır, sadəcə suyun altında itib gedirlər. Hər il baş verən faciələrin təkrarlanmasına səbəb ‘heç nə olmaz’ düşüncəsi və ehtiyatsızlıqdır. Məhz bu düşüncədən qurtulmalıyıq”, – deyə Orxan Musayev fikrini yekunlaşdırıb.

 

Fatimə Hüseynli

#Boğulma #FHN #dəniz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər