Yanvarın 15-dən Monteneqroya vizasız rejim ləğv olunur
Yanvarın 15-dən etibarən Azərbaycan vətəndaşları Monteneqroya səfər etmək üçün viza almağa məcbur qalacaqlar. Uzun müddət vizasız səyahət imkanları ilə seçilən bu Balkan ölkəsinə giriş qaydalarının dəyişdirilməsi həm turistlər, həm də işgüzar səfər planlayan şəxslər üçün yeni suallar yaradıb. Qərarın səbəbləri, tətbiq mexanizmi və vətəndaşlara təsiri isə ictimai müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, Monteneqroya birtərəfli qaydada vizasız gedə bilirdik:
“Hazırda Monteneqro hökumətinin qərarına əsasən 15 yanvardan etibarən Azərbaycana gələn vətəndaşlarımıza viza rejimi tələbi irəli sürülür. Bunun şərtləri ilə bağlı dəqiqlik yoxdur. Lakin əsas səbəbin Monteneqro dövlətinin Avropa ittifaqına üzvlüklə birlikdə götürdüyü öhdəliklərlə əlaqələndirirlər. Bəzi ölkələrə vizasız rejim hələ də qalır. Azərbaycanla Monteneqro arasında kifayət qədər dostluq əlaqələri var. Orada iş vizası ilə vətəndaşlarımız yaşaya, iş görə bilərlər. Vizanın olmaması və yaxud asan şəkildə verilməsi həmin ölkəyə gedən digər əcnəbilərin qərarlarına ciddi şəkildə təsir edir. Düşünürəm ki, dostluq münasibətləri olduğu üçün viza olsa da, asan şəkildə tətbiq olunacaq”.
Banu Məmmədova
