Yaponiya Çinlə barışmaq istəyir
Baş nazir Sanae Takaiçinin Tayvanla bağlı açıqlamalarından və Pekinin sərt reaksiyasından sonra iki ölkə arasında yaranan münaqişənin həlli üçün Yaponiya Çinə yüksək səviyyəli diplomat göndərmək qərarına gəlib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Yaponiya belə bir halda Çinə hərbi cavab verə biləcəyini istisna etmir:
"Yaponiya ilə Çin arasında son vaxtlar gərginlik yaşanır. Bunun səbəbi kimi noyabr ayının yeddisində Yaponiyanın yeni baş naziri xanım Sanaye Takaiçinin Tayvanla bağlı açıqlaması göstərilir. Belə ki, baş nazir parlamentdəki çıxışında qeyd edib ki, "Çin əgər Tayvana hücum edərsə, bu, bizim maraqlarımıza ziddir və biz kollektiv müqavilə şərtlərinə uyğun cavab verə bilərik". Yəni Yaponiya belə bir halda Çinə hərbi cavab verə biləcəyini istisna etmir. Bu isə Çin tərəfini qəzəbləndirib və Pekinin daha sərt reaksiyasına səbəb olub. Çin hökuməti öz vətəndaşlarını Yaponiyaya səfər etməkdən çəkinməyə çağırıb, bəzi xəbərdarlıqlar edib və eyni zamanda mübahisəli ərazilərə öz gəmilərini göndərib. Bütün bunlar onu deməyə əsas verir ki, Hind-Sakit okean regionunda vəziyyət heç də sakit deyil. Hazırda Avropada bir müharibə davam edir, lakin eyni tipli qarşıdurma istənilən an Uzaq Şərqdə də baş verə bilər. Ümumiyyətlə, Çin son illər Tayvanla bağlı daha iddialı açıqlamalar edir. Çin Tayvanı özünün bir hissəsi hesab edir və ilk fürsət düşəndə adanı ilhaq etmək niyyətini gizlətmir. Dünyanın bir çox ölkəsi Tayvanı müstəqil dövlət kimi tanımır və onu Çinin bir hissəsi sayır. Çin və Tayvan məsələsinin kökləri isə İkinci Dünya müharibəsindən sonrakı dövrə gedib çıxır. O zaman millətçilər Tayvana çəkilmiş, uzun illər həmin hakimiyyət beynəlxalq aləmdə tanınmışdı. Sonradan isə ölkələrin əksəriyyəti Çini tanıyıb".
Ekspertin sözlərinə görə, Yaponiya hökuməti yaranmış gərginliyi azaltmaq üçün Çinə nümayəndə heyəti göndərib:
"Tayvan əhalisi əsasən çinlilərdən ibarətdir və ada dünyanın ən zəngin bölgələrindən biridir. Qlobal Çin istehsalının böyük hissəsi burada həyata keçirilir. Tayvan iqtisadiyyatının güclənməsində ABŞ və Yaponiyanın böyük rolu var. Onların adada ciddi sərmayələri mövcuddur və buna görə Tayvan onlar üçün mühüm müttəfiqdir. Çinin Tayvana təzyiqləri isə təbii olaraq Yaponiyanı və ABŞ-ni narahat edir. Münaqişənin kökü də buradan qaynaqlanır. Bildiyim qədər, Yaponiya hökuməti yaranmış gərginliyi azaltmaq üçün Çinə nümayəndə heyəti göndərib və münasibətləri normallaşdırmağa çalışır. Çünki yeni baş nazir Takaiçinin açıqlamaları növbəti böhranın yaranmasına səbəb olub və Tokio bunun qarşısını almağa cəhd edir. Hər iki ölkənin ciddi hərbi hazırlığı var, hərbi büdcələr artırılır və müdafiə sənayesi sürətlə inkişaf etdirilir. Lakin hələlik bu mərhələdə Çin və Yaponiyanın birbaşa müharibəyə başlaya biləcəyini demək tezdir və real görünmür. Bütün hallarda bu ölkələr qonşudurlar və üstəlik, Tayvan Yaponiyadan cəmi 110 kilometr məsafədə yerləşir. Yaponiyanın Tayvanda həm geosiyasi, həm də geoiqtisadi maraqları çox böyükdür. Ona görə də Çinin Tayvana dair iddiaları Yaponiyanı ciddi şəkildə narahat edir. Beynəlxalq təşkilatların bu məsələyə reaksiyasına gəlincə, prinsip etibarilə BMT-nin fəal rol oynaması gözlənilir. Lakin bu gün BMT-nin qlobal münasibətlər sistemində təsirinin zəiflədiyi müşahidə olunur. Daha çox ayrı-ayrı dövlətlərin xüsusilə ABŞ-nin və böyük yeddilik ölkələrinin bu proseslərə təsir etməsi mümkündür. Hələlik situasiya mürəkkəbdir və yeni dünya düzəni ilə bağlı suallar Uzaq Şərqdə də gərginlik yaradır. Ümid edək ki, yaxın vaxtlarda bu ölkələr arasında ciddi, xüsusilə hərbi qarşıdurma olmayacaq və tərəflər anlaşma yolu tapacaqlar".
Xədicə Məhərrəmli
