Yaponiya Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib
Yaponiya ilə Çin arasında artan gərginlik fonunda Tokyo regional təhlükəsizlik narahatlıqlarını əsas gətirərək ABŞ-dən açıq siyasi və hərbi dəstək istəyib.
Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda Hind–Sakit okean regionunda yenidən gərginlik müşahidə olunur:
"Çin və Yaponiya arasında eyni məsələlərdə ciddi fikir ayrılıqları var. Yaponiyanın yeni baş nazirinin bəzi açıqlamaları Çində narazılıq yaradır. Eləcə də Çinin bəyanatları bəzən Yaponiyada narahatlıqla qarşılanır. Bütün bunların kökündə isə formalaşmaqda olan yeni dünya düzəni dayanır. Xüsusilə Tayvan məsələsi iki ölkə arasında gərginliyi artırır. Yaponiya Tayvanın müdafiəsini vacib sayır, Çin isə Tayvanın özünə məxsus olduğunu iddia edir. Ümumilikdə Hind–Sakit okean regionunda vəziyyətin daha da gərginləşəcəyi gözlənilir, çünki Çin və Yaponiya müxtəlif məsələlərdə fərqli mövqelərə və yanaşmalara sahibdirlər".
Ekspert həmçinin bunu da qeyd edib ki, bu kontekstdə ABŞ Yaponiyanın əsas müdafiə tərəfdaşıdır:
"İndiyə qədər Yaponiyanın təhlükəsizliyi ilə bağlı əsas zəmanəti də ABŞ təmin edib və bu mövqe hələ də qüvvədədir. Hazırda yeni dünya düzəni fonunda vəziyyət daha mürəkkəb hal alır. ABŞ böyük ehtimalla Yaponiyanı dəstəkləməyə davam edəcək, lakin Vaşinqton daha çox tərəflərə siqnal verir ki, gərginliyi artırmasınlar və qarşıdurmaya getməsinlər. Yəni, ABŞ həm Yaponiyanı dəstəkləyir, həm də bölgədə açıq münaqişənin yaranmasında maraqlı deyil".
Güllər Gülhüseynova
