Yaponiya və Fələstin məsələsi: beynəlxalq siyasətdə balans axtarışı
Son günlər beynəlxalq gündəmdə ən çox müzakirə olunan mövzulardan biri Fələstin dövlətinin tanınmasıdır. Bir sıra ölkələr artıq bu addımı atmağa hazırlaşdıqlarını bəyan etsələr də, Yaponiya ABŞ-lə strateji münasibətlərə görə hələ ki, Fələstini tanımayacağını açıqlayıb.
Mövzu ilə bağlı politoloq Telman Nüsrətoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Fələstin məsələsində kifayət qədər mürəkkəb bir şərait mövcuddur:
"Əslində, BMT-nin qəbul etdiyi prinsiplərə əsasən, uzun illər əvvəl iki dövlətli həll – yəni İsrail və müstəqil Fələstin dövlətinin yaradılması – təmin edilməli idi, lakin hazırkı reallıqda “tanımaq və ya tanımamaq” məsələsindən daha vacib olan məsələ Fələstinin dövlət olaraq qurulacağı ərazilərin qorunub-qorunmamasıdır, çünki həmin torpaqlar İsrail tərəfindən addım-addım işğal edilməkdədir. Məsələn, İsrail parlamenti Qərbi Şəriənin ilhaqı ilə bağlı sənəd qəbul edib, eyni zamanda Qəzzadakı vəziyyət də hər gün daha da ağırlaşır. Oradakı gedişat göstərir ki, həm ABŞ, həm də İsrailin verdiyi bəyanatların mahiyyətində əhalinin köçürülməsi və bölgənin “təmizlənməsi” açıq şəkildə görünməkdədir. Britaniya və Fransanın Fələstini tanımaq barədə qərarları siyasi baxımdan önəmlidir, lakin bununla paralel olaraq İsrailə silah və hərbi dəstəklərin davam etməsi bu addımları bir qədər formal xarakterə salır. Başqa sözlə, bu qərarlar daha çox dünya ictimaiyyətinin təzyiqini azaltmaq və rəyini sakitləşdirmək üçün atılmış addımlar kimi qiymətləndirilə bilər".
Həmçinin ekspert vurğulayıb ki, Yaponiya ABŞ-lə müttəfiqliyə və strateji tərəfdaşlığa xüsusi önəm verir:
"Xüsusilə də Çinə qarşı geosiyasi rəqabəti nəzərə alsaq, Tokio üçün Vaşinqtonla birlikdə hərəkət etmək zəruridir. Buna görə də Yaponiya hazırda Fələstini tanımaq niyyətində deyil və ABŞ-lə eyni mövqedən çıxış edir. Əslində, problemin həlli üçün ölkələrin sadəcə “tanıyıb-tanımaması” kifayət etmir. Əsas məsələ İsraili real şəkildə iki dövlətli həllə razı salmaqdır. Bu isə beynəlxalq münasibətlərdə olduqca mürəkkəb və çətin bir proses olaraq qalır".
Sura Əliyeva