Yaponiyadan Suriyaya yardım
Yaponiya Suriyaya 53 milyon ABŞ dolları həcmində humanitar və bərpa yönümlü yardım ayırıb. Bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb. Məlumata görə, Yaponiyanın xarici işlər nazirinin müavini Yohei Onişi Suriyaya səfəri çərçivəsində ölkənin maliyyə naziri və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər keçirib.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və Türkiyənin mövqeyinə uyğun hərəkət etdiyinin göstəricisi kimi də qəbul etmək olar:
“On ildən artıqdır ki, vətəndaş müharibəsindən əziyyət çəkən, milyonlarla vətəndaşı qaçqın vəziyyətinə düşmüş və şəhərləri, kəndləri dağıntıya məruz qalmış Suriyaya ayrılan 53 milyon dollar dəyərində yardım, ümumilikdə götürdükdə, böyük vəsait hesab olunmasa da, onun simvolik və siyasi əhəmiyyəti olduqca böyükdür. Bu yardım, Yaponiyanın uzun illərdən sonra Suriya ilə əlaqələrə yenidən başlamaq niyyətini göstərən ilk rəsmi səfəri çərçivəsində verilib. Bu addım, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və qarşılıqlı əməkdaşlıq üçün siyasi iradənin formalaşdığını göstərir.
Nəzərə alsaq ki, bu gün Suriya keçid hökumətini həm Türkiyə, həm də ABŞ dəstəkləyir və Yaponiya ABŞ-nin ən yaxın müttəfiqlərindən biridir, o zaman bu dəstəyi Yaponiyanın regional siyasətdə ABŞ və Türkiyənin mövqeyinə uyğun hərəkət etdiyinin göstəricisi kimi də qəbul etmək olar. Vəsaitin miqdarından daha önəmlisi isə, bu prosesin başlanmasıdır. Çünki bu addım, Yaponiyanın Suriyanın gələcək bərpa və inkişaf mərhələsində daha aktiv iştirak edəcəyinin və bu ölkəyə iqtisadi və texniki yardım imkanlarının genişlənəcəyinin əlamətidir”.
Aydan Əsgərxanlı
