Yaponiyanın BMT Təhlükəsizlik Şurasında İslahat Tələbi
Yaponiyanın Baş naziri İşiba Şiqeru BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırış edəcək. O, Şuranın fəaliyyətinin pozulduğunu və yerlərin sayının artırılmasının vacibliyini vurğulamağı planlaşdırır. Bu məsələ beynəlxalq münasibətlərdə mühüm müzakirə mövzularından biridir.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, Yaponiyanın BMT Təhlükəsizlik Şurasında islahatlar tələb etməsinin əsas səbəbləri onun qlobal maraqlarından irəli gəlir:
"Yaponiya uzun illərdir bu məsələnin qaldırılması üçün səylər göstərir və xüsusilə Təhlükəsizlik Şurasında üzvlərin sayının artırılmasının vacibliyini önə çəkir. Bu çağırış ilk növbədə regional və liderlik problemləri ilə bağlıdır, çünki hazırkı daimi üzvlər, yəni, Çin, ABŞ, Rusiya, Fransa və Böyük Britaniya-digər dövlətlərin həmin statusu qazanmasını və gücün paylaşılmasını istəmirlər. Yaponiya dünya miqyasında böyük layihələrdə həm siyasi, həm də hərbi baxımdan iştirak edir və bu prosesdə təbii olaraq nəticə almaq istəyir. Bu yalnız Asiya dövlətləri üçün deyil, həm də Latın Amerikası ölkələri üçün aktual məsələdir, çünki həmin dövlətlər də Təhlükəsizlik Şurasında təmsilçiliyin genişlənməsini tələb edirlər. Bununla belə, regiondaxili maraqlar və rəqabət də mühüm rol oynayır. Məsələn, Yaponiyanın daimi üzv olmasını Pakistan istəmir, eyni zamanda Hindistan məsələsi gündəmə gələndə ona qarşı çıxan dövlətlər mövcuddur. Şimali Koreya da Yaponiyanın bu status qazanmasına qarşı olan ölkələr sırasındadır".
Ekspert vurğulayıb ki, Asiya, Avropa, Afrika və Latın Amerikasında gedən proseslər göstərir ki, Təhlükəsizlik Şurasında üzvlərin sayının artırılması zəruri görünür:
"Çünki beynəlxalq münasibətlərdə iştirakçı dövlətlərin sayı artdıqca qlobal idarəçilikdə də yeni pay bölgüsü tələbi meydana çıxır, ancaq bu, eyni zamanda mövcud böyük güclərin – G5-in təsir imkanlarının parçalanması deməkdir və məhz buna görə də islahat məsələsi uzun illərdir dalana dirənib. Hazırkı reallıqda islahatların həyata keçirilməsi mümkün görünmür. Bunun başlıca səbəbi isə prosedur qaydalarıdır: hər hansı dəyişikliyin baş verməsi üçün bütün üzvlərin tam razılığı və ratifikasiyası tələb olunur. Bu isə faktiki olaraq böyük dövlətlərin mövcud vəziyəti qorumağa üstünlük verməsi fonunda qeyri-real təsir bağışlayır. Buna görə də yaxın perspektivdə Təhlükəsizlik Şurasında islahatların yalnız siyasi bəyanat səviyyəsində qalacağı, amma praktik olaraq reallaşmayacağı ehtimal olunur".
Sura Əliyeva
