Yaxın Şərqdəki münaqişələr qaz bazarını vurub: Qiymətlər kəskin qalxıb
Yaxın Şərqdəki son münaqişələr qlobal qaz bazarına ciddi təsir göstərib. Nəticədə qazın qiymətləri kəskin şəkildə yüksəlib. Analitiklər bildirir ki, bu artım həm enerji təhlükəsizliyi, həm də iqtisadiyyat üçün narahatlıq doğurur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisad eksperti Natiq Cəfərli bildirib ki, qlobal qaz bazarında hazırda ciddi artım müşahidə olunur:
"Lakin bu artım əsasən spot (qısamüddətli) bazara aiddir, yəni əhaliyə satılan qaz tariflərindən söhbət getmir. Topdansatış bazarında qiymətlər qısa müddətdə təxminən 170–250 dollar səviyyəsindən 600 dollara qədər yüksəlib. Bunun əsas səbəblərindən biri dünyada ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçılarından biri olan Qətər tərəfindən tədarükdə yaranmış çətinliklərdir. Məlumata görə, qazla dolu tankerlərin dənizə çıxışında problemlər yaranıb ki, bu da qlobal qaz bazarında təxminən 30 faizlik azalmaya səbəb olub. Nəticədə bazarda təklif azalır və qiymətlər kəskin şəkildə artır. Bununla belə, mövcud vəziyyətin müvəqqəti xarakter daşıdığı ehtimal olunur. Gərginlik və geosiyasi risklər azaldıqca bazarda sabitlik bərpa oluna və qiymətlər tədricən enə bilər. Qısa müddətdə isə qaz və neft bazarında dalğalanmaların davam etməsi mümkündür. Azərbaycana gəldikdə isə, ölkə əsasən uzunmüddətli qaz müqavilələri əsasında ixrac həyata keçirir. Bu müqavilələr spot bazardakı ani qiymət dəyişikliklərindən birbaşa asılı olmur. Azərbaycanın ən böyük qaz alıcısı İtaliyadır. Buna görə də, dünya bazarındakı qısamüddətli qiymət dəyişiklikləri Azərbaycanın qaz gəlirlərinə və daxili bazara birbaşa və dərhal təsir göstərmir”.
Gövhər Mehyəddinova
