"Yaxın Şərqdə təhlükəsizlik balansı artıq ciddi şəkildə sarsılıb " - ŞƏRH
“Hücumlara baxmayaraq, müstəqillik yolunda möhkəm dayanırıq. ABŞ və İsrailin hücumlarına baxmayaraq, İran tutduğu yoldan geri dönmək istəmir”, - deyə Məsud Pezeşkiyan bildirib.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, İran zəifləsə də, sistemi dağılmayacaq; qarşıdurma böyük ehtimalla diplomatik yolla həll olunacaq:
“Prezidentin bu açıqlamaları əslində qətiyyət mesajı kimi qiymətləndirilə bilər. İlham Əliyev ölkəsinin məğlub obrazını formalaşdırmaz. Belə bir görüntü yaransa, ilk növbədə İrandakı mövcud rejimin taleyi məsələsi gündəmə gələ və tarixi baxımdan ciddi nəticələr doğura bilər. Son hücumlar İranı daha da sərtləşməyə məcbur etdi. Xüsusilə müstəqillik simvolu sayılan Xameneinin öldürülməsi İranda dirəniş ruhunu gücləndirə bilər. Hesab edirəm ki, İran müəyyən dəyişikliklərə məcbur qalacaq. Doğrudur, son zərbələr qarşısında ciddi itkilər verib və dirəniş zəif görünüb. Lakin İran müəyyən müddət mübarizə aparmaq üçün daxili resurslara və hərbi sənaye potensialına malikdir. İran anlayır ki, ona qarşı genişmiqyaslı quru əməliyyatı aparılması ABŞ və müttəfiqləri üçün çox riskli, hətta intihar xarakterli ola bilər. İranda quru əməliyyatı ilə qələbə qazanmaq asan görünmür. Yaxın Şərqdə təhlükəsizlik balansı artıq ciddi şəkildə sarsılıb. Problemin aradan qalxması təkcə İranla bağlı deyil. Suriya və Fələstin ətrafındakı məsələlərin də həllindən asılıdır. Təhlükəsizlik balansının pozulması yalnız İran amili ilə məhdudlaşmır.
Əli Xameneinin sıradan fiqur olmaması, ölkənin müstəqillik simvollarından biri sayılması xarici siyasət kursuna da təsir göstərir. Mövcud qarşıdurmanın sonda diplomatik yolla həll olunacağı ehtimalı daha yüksəkdir. Bunun alternativi demək olar ki, yoxdur. Münaqişənin Rusiya-Ukrayna savaşı kimi illərlə davam edəcəyi qənaətində deyiləm. Regional genişmiqyaslı müharibəyə çevrilməsi də çətin görünür, çünki region ölkələrinin-Türkiyə, Rusiya və digərlərinin mövqeləri bəllidir və ABŞ ilə müttəfiqlərinin belə bir regional münaqişəyə maraq göstərəcəyi inandırıcı deyil”.

Arzu Poladova
