00:00:00
Yazar
Ayşən Səlimova
04.03.2026 20:35 12 2 dəq oxuma
Dünya

Yaxın Şərqdə yeni geosiyasi balans axtarışı

Yaxın Şərqdə yeni geosiyasi balans axtarışı

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri martın 5-də Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlərin baş diplomatları ilə videokonfrans formatında genişmiqyaslı görüş keçirəcəklər. Bu diplomatik təşəbbüs təsadüfi bir addım olmayıb, hazırkı mürəkkəb Yaxın Şərq geosiyasi reallığında Aİ-nin regiondakı strateji mövqeyini yenidən kalibrləmək cəhdi kimi qiymətləndirilməlidir.

 

 

Mövzu ilə bağlı politoloq Rəşad Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdə çoxqütblü diplomatik dinamikanın dərinləşəcəyini görürük:

 

“Avropa İttifaqı xarici işlər nazirlərinin Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə videokonfrans formatında görüşü hazırkı Yaxın Şərq reallığında təsadüfi addım deyil. Bu platforma Aİ-nin artan təhlükəsizlik riskləri, enerji bazarlarındakı dalğalanmalar və İran faktoru fonunda strateji mövqeyini yenidən düzəltmək cəhdidir. Görüşün əsas qayəsi təhlükəsizlik arxitekturasının koordinasiyasıdır. Qəzza müharibəsi, Qırmızı dənizdə gəmiçiliyə təhdidlər, Yəmən və Suriyadakı qeyri-sabitlik Avropanın ticarət və enerji marşrutlarına birbaşa təsir göstərir. Bu mənada Körfəz ölkələri Aİ üçün yalnız enerji tərəfdaşı deyil, həm də regional sabitliyin açar aktorlarıdır. İkinci mühüm xətt enerji təhlükəsizliyidir. Ukrayna müharibəsindən sonra Rusiya qazından asılılığı azaltmağa çalışan Aİ üçün mayeləşdirilmiş təbii qaz, yaşıl enerji və hidrogen layihələri prioritetdir. Eyni zamanda, Brüssel ABŞ və Çin kimi böyük güclərin rəqabət apardığı regionda özünü alternativ və sabit tərəfdaş kimi təqdim edərək geosiyasi balanslaşdırma siyasəti yürüdür. Görüşün İran və digər regional aktorlara verdiyi mesaja gəldikdə isə, bu, açıq anti-İran alyansı olmasa da, Tehranın regional təsirinə qarşı dolayısı ilə balans mexanizmi rolunu oynayır. Xüsusilə, raket proqramı və dəniz təhlükəsizliyi məsələlərindəki ortaq narahatlıqlar bu koordinasiyanı gücləndirir. Bu həm də Türkiyə, İsrail və Misir kimi tərəflərə Aİ-nin passiv müşahidəçi olmayacağına dair bir siqnaldır. Nəticə etibarilə, bu əməkdaşlıq Avropanın öz maraqlarını qorumaq üçün daha koordinasiyalı və institusional yanaşma tətbiq etməyə hazır olduğunu, Yaxın Şərqdə isə çoxqütblü diplomatik dinamikanın dərinləşəcəyini göstərir”.

 

Aydan Əsgərxanlı

#azərbaycan #yeni #axtarışı #şərqdə #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər