00:00:00
Yazar
Güllər Gülhüseynova
28.02.2026 18:13 22 3 dəq oxuma
Siyasət

Yaxın Şərqdə yeni savaş dalğası: ABŞ və İsrail İranla açıq qarşıdurmada- ŞƏRH

Yaxın Şərqdə yeni savaş dalğası: ABŞ və İsrail İranla açıq qarşıdurmada- ŞƏRH

Yaxın Şərqdə gərginlik yeni və təhlükəli mərhələyə qədəm qoyub. ABŞ və İsrailin İranla açıq qarşıdurması regionda təhlükəsizlik mühitini daha da ağırlaşdırıb, münaqişənin coğrafiyası isə genişlənməkdə davam edir. Hərbi əməliyyatların intensivləşməsi fonunda beynəlxalq ictimaiyyət narahatlıqla prosesləri izləyir.



Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator. az"a açıqlamasında bildirib ki, münaqişə Amerika-İran münaqişəsi deyil. Əslində, bu, daha böyük qarşıdurmadır və burada İsrail və Amerika münaqişənin bir tərəfidir. Ona görə də bu münaqişənin başladığı gün İsrail və Amerikanın eyni vaxtda hərəkət etməsi müşahidə olunur:



"Təbii ki, bu proses İranın nüvə proqramı və hərbi proqramı ilə bağlı narahatlıq fonunda başladı. Amma əslində məsələ daha böyükdür. Bu, yeni dünya düzəninin qurulması ilə bağlı bir məsələdir. İranın olduğu tərəfi zəiflətmək və Amerikanın yeni dünya düzənində əsas rolunu möhkəmləndirmək məqsədi daşıyır. Bu gün İranın Amerika və İsrail hücumuna məruz qalması yalnız İranın həmin ölkələr üçün yaratdığı təhdidlərlə bağlı deyil, həm də İranın mövqeyi ilə əlaqədardır. İran bu gün Rusiya və Çinlə eyni platformadadır və bu da Amerika üçün yol verilən məsələ deyildi. Ona görə də məsələnin müxtəlif yollarla həll edilməsi və İranda hakimiyyət dəyişikliyi məsələsi gündəmə gələ bilər. Münaqişə artıq regional xarakter daşıyır. İran bəzi dövlətləri vurur, Amerika və İsrail isə İranı vurur. Görünən odur ki, tərəflər hələ də bir-birinə zərbə endirmək imkanındadırlar. Bu isə ən arzuolunmaz ssenaridir. Hazırda Amerikanın bazalarının yerləşdiyi bəzi dövlətlər hədəf alınır. İran münaqişənin dairəsini daha da genişləndirə bilər və bu barədə açıqlamalar da verib. Müharibənin tezliklə dayanacağı real görünmür. Artıq savaş başlayıb və ehtimal ki, tərəflərdən birinin ciddi zəifləməsi ilə nəticələnəcək”.



Ekspert həmçinin bunu da qeyd edib ki, digər dövlətlər üçün də bu proses arzuolunmaz nəticələr doğura bilər. Hava hücumundan müdafiə sistemləri mülki əhalini qorumağa çalışsa da, bəzi hədəflər hərbi obyektlərdən kənara düşə bilər:


“Münaqişənin genişlənməsi hətta dünya müharibəsi riskini də artırır, əgər vəziyyət nəzarətdən çıxarsa. Diplomatik həll şansı, təəssüf ki, böyük ölçüdə qaçırılıb. İsveçrədə keçirilən görüşlər və digər təmaslar nəticə vermədi, çünki onlar daha çox danışıq xarakteri daşıyırdı və real razılaşma əldə olunmadı. İran bu prosesdə tək deyil. Onu müdafiə edən tərəflər var. Bəzən belə təəssürat yaranır ki, İran müəyyən güclər tərəfindən önə verilib. Xüsusilə Rusiya və Çinin dəstəyi İrana əlavə cəsarət verib və nəticədə qarşıdurma böyüyüb. Amerika əməliyyatların maksimum 15 gün, yəni iki həftə ərzində nəticələnəcəyini düşünür. Lakin bu, tərəflərin imkanlarından və İranın nə qədər dirəniş göstərəcəyindən asılı olacaq. İranın proksi qüvvələrinin də prosesə qoşulması mümkündür.Ona görə də münaqişənin daha böyük regional xarakter alması və hətta üçüncü dünya müharibəsinə çevrilməsi riski qalır. Ümid etmək olar ki, tərəflər yenidən danışıqlar masasına qayıdacaqlar. Lakin hazırkı vəziyyət göstərir ki, yaxın günlərdə savaşın gedişi daha da aydınlaşacaq”.



Aysun Xanatova

#abş #gündəm #xəbər #şərqdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər