Yaxın Şərqdə hərbi gərginliyin artması və bunun beynəlxalq sabitliyə təsiri
Son aylarda Yaxın Şərqdə hərbi gərginliyin artması beynəlxalq ictimaiyyətin əsas narahatlıq mövzusuna çevrilib. İsrail və Fələstin arasında toqquşmaların yenidən intensivləşməsi, həmçinin regiondakı digər aktorların – İran, Livan, Suriya və Yəmənin - prosesə dolayı və birbaşa şəkildə cəlb olunması qlobal təhlükəsizlik balansını ciddi şəkildə sarsıdır.
Mövzu ilə bağlı deputat Naqif Həmzəyev “İnformator.az”a bildirib ki, Yaxın və Orta Şərqdə baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir:
“Ümumilikdə bu proseslər müəyyən mənada bizə yaxın hesab olunur və uzun müddət davam etməsi Azərbaycanın maraqlarına xidmət etmir. Azərbaycan özü üçün ən vacib problemi – ərazi bütövlüyü məsələsini artıq həll edib, torpaqlarımız azad olunub və suverenliyimiz bərpa edilib. Vaşinqton sazişindən sonra sülhə daha da yaxınlaşmışıq. Hazırda Azərbaycan Qarabağda genişmiqyaslı quruculuq işləri aparır, köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Yaxın və Orta Şərqdə baş verən münaqişələrlə bağlı Azərbaycanın mövqeyi aydındır - ölkəmiz hər zaman sülhün tərəfdarıdır. Azərbaycanın mövqeyi birmənalı şəkildə sülhə bağlılıq üzərində qurulub. Mövcud münaqişənin yekunlaşmasından sonra Azərbaycan bu prosesdə daha fəal şəkildə iştirak edə bilər. Azərbaycan öz müttəfiqləri ilə birlikdə münaqişənin dayandırılmasının tərəfdarıdır. Zəfərin 5 illiyi ilə əlaqədar keçirilən hərbi parad da göstərib ki, ölkəmiz həm hərbi, həm də siyasi baxımdan güclü və sabit dövlətdir. Azərbaycan hər zaman daxili və xarici təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görür. Yaxın Şərqdə gərginliyin artması region ölkələri ilə yanaşı, Azərbaycan üçün də strateji əhəmiyyət kəsb edir. Azərbaycan sülh, sabitlik və əməkdaşlıq prinsiplərinə sadiq qalaraq beynəlxalq səviyyədə dayanıqlı təhlükəsizlik sisteminin formalaşmasına töhfə verməkdə davam edir”.
Fatimə Hüseynli
