"Yeni dönəmin şərtlərini istər-istəməz bütün tərəflər qəbul etməlidir"
Oktyabrın 10-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman ilə təkbətək görüşü olub.
Məsələ ilə bağlı politoloq Telman Nüsrətoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, ümumiyyətlə, son dövrlər Azərbaycan həm regional, həm qlobal sistemin nizamının gələcəyi baxımından, dünyadakı güc mübarizələri baxımından olduqca əhəmiyyəti artan, rolu artan bir ölkə kimi ön plana çıxır:
"Burada təbii ki, 44 günlük Vətən müharibəsindən sonra əldə elədiyimiz möhtəşəm zəfərin regionda və qlobal sistemin içərisində yaratmış olduğu təsirlər də çox mühümdür.
Təbii, Azərbaycan oraya bir gündə, üç gündə gəlməyibdir. Azərbaycan müstəqillikdən sonra aparmış olduğu xarici siyasəti ilə, böyük strateji layihələri ilə təbii ki, ciddi bir oyunçu olduğunu ortaya qoymuş oldu. Bu da təsadüf deyil ki, istər Avropa Siyasi Birliyinin toplantısı, istər MDB dövlət başçıları toplantısı, ondan əvvəl Türk Dövlətləri Təşkilatı konfransında Azərbaycan Prezidenti diqqət mərkəzində olan, liderlərin sayğı duyduğu, böyük dövlətlərin hörmət göstərdiyi bir lider olaraq ön plana çıxır.
Burada da təbii ki, Azərbaycanın güclü, qüdrətli ordusu, dövləti və aparılan iqtisadi güc siyasəti əsas rol oynayır. MDB dövlət başçıları əslində, belə deyək, hamısı sovet arealını və ortaq keçmişini paylaşan ölkələrdir. Amma çox təəssüflər olsun ki, SSRİ dağıldıqdan sonra Rusiya bu ölkələrlə bərabər olmaq üçün, bərabər hüquqlu münasibətlər qurmaq və ortaq keçmişin dəyərləri üzərində birlik yaratmaq əvəzinə, müxtəlif ölkələrdə münaqişələr yaradaraq bu keçmiş SSRİ məkanında olan ölkələri öz ətrafında saxlamağa çalışdı. Amma buna da təbii ki, müvəffəq ola bilmədi.
Yenə də yeganə ölkə olaraq Azərbaycan həm Rusiya ilə münasibətlərini normal bir müstəvidə qoruyub saxlamağa çalışdı, həm də torpaqlarını işğaldan azad elədi və münaqişə ilə bağlı olan rıçaqları bərtaraf etmiş oldu. Müstəqil Dövlətlər Birliyi təşkilatının iqtisadi zəmində, qarşılıqlı maraqlar əsasında ölkələrin milli maraqlarını ön plana çıxararaq əməkdaşlıq etməsi başa düşülən və qəbul edilən bir məsələdir. Bu çox yaxşı haldır, çünki ortaq sovet dövrünün keçmişi var — bir-birinə yardım və həmrəylik baxımından.
Amma təbii ki, bu, daxili işlərə qarışmadan, müstəmləkə həvəsi ilə yaşamadan həyata keçirilməlidir. Bu anlamda MDB formatı da yeni dünyanın şərtləri daxilində Azərbaycanın və Türk dünyasının yüksəlişinin gətirdiyi yeni bir geosiyasi şəraitdə yenidən formalaşacaq.
Təbii ki, nəzərə alsaq, Azərbaycanın istər Türküstanla, istər Tacikistanla ikitərəfli münasibətləri çox yüksək səviyyədədir. Bu mənada yeni dönəmin şərtləri istər-istəməz bütün tərəflər tərəfindən qəbul edilməlidir. Burada da Azərbaycanın artan rolu ön plana çıxır".
Gülay Səlifova
