Yeni sanksiyalar paketi hazırlanır
Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putinə təzyiqləri artırmaq məqsədilə yeni sanksiyalar paketi hazırlayır. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Aİ liderlərinin Albaniyanın paytaxtı Tiranada keçirilən görüşü zamanı məlumat verib. Yeni sanksiyalar paketinin Rusiya iqtisadiyyatının enerji və maliyyə sektorlarını, o cümlədən “Şimal axını” qaz kəmərlərini və Rusiya gəmilərini hədəfə alacağı bildirilir.
Avropa İttifaqı artıq bir neçə dəfə sanksiyalar tətbiq etsə də, 27 üzv dövlətin yekdil dəstəyini almaq getdikcə çətinləşir. Diplomatların sözlərinə görə, bu dəfəki tədbirlərin real təsirə malik olması üçün ABŞ-nin dəstəyi vacibdir. Hazırda ABŞ danışıqlarda əsas rol oynayır və Aİ-nin sülh təşəbbüslərindəki rolunu kölgədə qoyur.
Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, gələcək sülh müzakirələrinin yolunu açmaq üçün qeyd-şərtsiz atəşkəs əldə olunması vacibdir. Lakin Rusiya bu istiqamətdə ciddi addımlar atmır; Prezident Putin İstanbulda keçirilən danışıqlara aşağı səviyyəli nümayəndə heyəti göndərib. Qeyd edək ki, danışıqlar iki saatdan az çəkib.
Fransa, Almaniya və Polşa liderləri Rusiyanın mövqeyini sərt tənqid edərək, ABŞ-la birgə işləməyə davam edəcəklərini bildiriblər. Almaniya Kansleri Fridrix Mers vurğulayıb ki, Avropa Ukraynadakı müharibəyə son qoymaq üçün ABŞ-a güvənməlidir.
Zirvə toplantısında Albaniya Baş naziri Edi Rama liderlərin uşaq versiyalarını əks etdirən zarafatlı video nümayiş etdirərək, ciddi müzakirələr arasında qısa müddətlik də olsa, əhval-ruhiyyəni yumşaltmağa nail olub.
ANEWZ
Güllər Gülhüseynova