Yeni tədris ilində SABAH qruplarına 1-ci kursdan qəbul
Elm və Təhsil Nazirliyinin qərarına əsasən, 2025/2026-cı tədris ilindən etibarən SABAH qruplarına qəbul qaydalarında mühüm dəyişiklik edilib. Bu ildən etibarən istedadlı tələbələr artıq birbaşa 1-ci kursdan SABAH proqramına qoşula biləcəklər.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında bu addımı Azərbaycan təhsili üçün mühüm yenilik kimi dəyərləndirib:
“Ümumiyyətlə, SABAH qruplarına qəbul yalnız 2-ci kursdan həyata keçirilirdi. İndi isə bir ilk olaraq 1-ci kursdan başlayaraq tələbələr təhsil alma hüququ alır. Bunun həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Müsbət tərəfi odur ki, tələbə ilk gündən hansı təhsil trayektoriyası üzrə çalışacağını bilir və vaxt itirmir. Bundan əlavə, SABAH qrupları adətən yüksək təhsil keyfiyyəti və seçilmiş müəllim kollektivindən ibarət olur. Tələbə 1-ci kursdan bu mühitə daxil olaraq daha motivasiyalı ola bilər. Bu qruplarda praktik yanaşma və müasir metodologiya tətbiq olunduğu üçün tələbənin inkişafı baxımından çox əhəmiyyətlidir. ADA və digər qabaqcıl universitetlər üçün bu həm rəqabət yaradacaq, həm də tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək. Əlbəttə, müəyyən risklər mövcuddur. Gənclər universitet mühitinə hələ tam uyğunlaşmamışkən belə mühüm seçim etməli olacaqlar ki, bu da bəzən adaptasiya çətinliklərinə səbəb ola bilər. Seçim prosesində şəffaflıq və ədalət prinsiplərinin qorunması mühüm əhəmiyyət daşıyır. Həmçinin bəzi tələbələr üçün yüksək tələblər və ciddi tədris yükü əlavə stress yarada bilər. SABAH qruplarına birbaşa 1-ci kursdan qəbulun tətbiqi Azərbaycanın ali təhsil sistemində yenilikçi yanaşmaların genişləndirilməsi, istedadlı gənclərin erkən mərhələdən dəstəklənməsi və universitetlər arasında sağlam rəqabətin artırılması baxımından mühüm addım kimi qiymətləndirilir. Bu qərarın yaxın illərdə tələbələrin peşəkar inkişafına və təhsil keyfiyyətinə müsbət təsirləri gözlənilir”.
Fatimə Hüseynli
