Yetkinlik yaşına çatmayan uşaqların Qarabağa intensiv şəkildə aparılması çox ağır nəticələrə səbəb ola bilərdi
“Azərbaycanın yürütdüyü siyasətin məqsədi ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra Qarabağ və ətraf rayonlarn erməni vəhşiliyindən, vandallığından və işğalından azad edildikdən sonra bütün insanlarımız həmin bölgələrə səfərlər etsinlər”.
Bu sözləri İnformator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov söyləyib. Onun sözlərinə görə, bölgələrə uşaqların, ya da böyüklərin səfər etməsi ilə bağlı fərq əslində dövlətimizin marağında deyil.
“Əksinə, dövlətimiz istəyir ki, bütün vətəndaşlarımız kiçikdən-böyüyə hər kəs həmin ərazilərə səfər etsinlər, düşmənin bizə qarşı törətdiyi vəhşilikləri öz gözləri ilə görsünlər. Sadəcə, biz onu da nəzərə almalıyıq ki, həmin ərazilərdən biz erməniləri, erməni vəhşilərini, cinayətkar ünsürləri təmizləyib çıxarsaq da, çox təəsüflər olsun ki, hələ də onların ordakı vəhşiliklərinin izləri tam şəkildə təmizlənməyib”.
Xəyal Bəşirov deyir ki, minalarla zəhərlənən ərazilər hələ də insanlarımız üçün ciddi təhlükələr törədir.
“İnsanlarımızın həyatı üçün təhlükə tam şəkildə sovuşmayıb. Ona görə də Azərbaycan dövləti öz gücünə həmin əraziləri minalardan təmizləməklə paralel olaraq, geniş quruculuq, bərpa işlərini də həyata keçirir. Eyni zamanda, bərpa işlərini həyata keçirməklə yanaşı insanlarımızın ora qayıdışını da təmin edir. "Böyük qayıdış", “böyük köç" artıq başlayıb. Söhbət təbii ki, öz dədə-baba yurdlarına, tarixi torpaqlarına köçən insanlardan gedir. Bu insanların 30 il boyunca haqqları tapdalanırdı, Beynəlxalq İctimaiyyət, Beynəlxalq Təşkilatlar isə bu vəziyyəti bilə-bilə bununla bağlı heç bir addım atmadılar”.
Politoloq əlavə edir ki, Azərbaycan dövləti öz gücü ilə prezident İlham Əliyevin rəhbərliyi altında bu məsələni çözdü, keçmiş münaqişənin həllinə nail oldu.
“İşğaldan azad edilən torpaqlarımızda quruculuq-bərpa işlərini həyata keçirilir, insanlarımızın ərazilərə qayıdışını təşkil edilir. Yetkinlik yaşına çatmayan insanların sözügedən bölgələrə bundan öncə getməsinə icazə verilməməsi də məhz dövlətimizin təhlükəsizlik tədbirləri ilə bağlı idi. Biz bilirik ki, yetkinlik yaşına çatmış insanlara hansısa məqamları izah edəndə onlar anlayır və həmin o məhdudiyyətlərlə bağlı qaydalara da riayət edirlər. Amma, yetkinlik yaşına çatmayan uşaqlarla bağlı bunu demək çətindir. Çünki onların hansısa bir məhdudiyyət olduğunu qavramaları və ona riayət etmələri o qədər də real görünmür. Ona görə də mina təhlükəsi, partlamayan silahlarla bağlı dövlətimiz bu təhlükəsizlik tədbirlərini görürdü”.
X.Bəşirov düşünür ki, artıq rayonlarımızda çox ciddi işlər görülüb.
“Həmin ərazilərdə böyük hissələr, xüsusilə insanların hərəkət edə biləcəyi daha dərinliklərdə olmayan ərazilər, yol kənarı, insanların baş çəkmək istədiyi ərazilərdə minalardan təmizləmə prosesi sürətləndirilib. Demək olar ki, həmin ərazilərdə çox uğurlu işlər görülüb. Mina təmizləmə prosesi böyük miqyasda reallaşdırılıb. Buna görə də həm insanların ərazilərə marağının, həm də eyni zamanda qeyd etdiyim kimi, bu təhlükənin sovuşması ilə paralel olaraq, cinayətkar ünsürlərin o ərazilərdən çıxarılması ilə bağlı Azərbaycan dövləti ən son lokal xarakterli qısa müddətli antiterror tədbirləri həyata keçirdi. Biz bilirik ki, rus sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə belə 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirlərinə qədər o cinayətkar ünsürlər zaman-zaman atəşkəs rejimini pozurdular. Azərbaycanın həm mülki insanlarını, həm də hərbçilərini atəşə tuturdular. Hal belə olduqda da təbii ki, insanlar üçün ciddi təhlükə yaranırdı. Belə bir təhlükənin olduğu məqamda insanların, xüsusilə də, yetkinlik yaşına çatmayan uşaqların ərazilərə intensiv şəkildə aparılması çox ağır nəticələrə və ciddi itkilərə gətirib çıxara bilərdi. Bunu düşünən dövlət məhz o məhdudiyyəti qoymuşdu”.
Şərhçi deyir ki, mövcud təhlükələr aradan qaldırıldığına görə yetkinlik yaşına çatmayan şəxslərin də tarixi torpaqlarımız olan Qarabağ və ətraf ərazilərə səfərlərinin təşkil edilməsinə başlanıb.
“Mən düşünürəm ki, bundan sonra bu günə qədər keçirilən reyslərin sayları da artırılacaq və insanların ora kütləvi səfər etmək niyyətlərini görən dövlətimiz təbii ki, bu istiqamətdə uğurlu addımlar atacaq”.
Aynur Babayeva