Yunanıstanda fermer etirazları ölkəni blok edib
Yunanıstanda fermerlərin bir həftədir davam edən etirazları ölkəni iqtisadi və nəqliyyat baxımından blok edib. Fermerlər əsas avtomagistralları, hava limanlarını və sərhəd keçidlərini bağlayıblar. Etirazlar Kiritdən başlayaraq cənub sahillərindən Şimali Makedoniyaya qədər bütün ölkəyə yayılıb.
eKathimerini.com xəbər verir ki, çərşənbə günü ölkənin ən vacib limanlarından biri-Volos limanı bağlanıb. Nəqliyyat bir çox regionlarda tam dayanıb, bəzi yerlərdə isə polis ilə toqquşmalar baş verib. Kiritdə iki böyük hava limanı həm traktorlar, həm də heyvanlar tərəfindən bloklanıb. Afina ilə Saloniki arasında əsas avtomagistral tam bağlanıb, Bolqarıstan və Makedoniya ilə sərhəd keçidləri demək olar ki, dayandırılıb.
Fermerlər 2025-ci il üçün Avropa İttifaqından subsidiya ala bilməyiblər. Problemi daha da dərinləşdirən isə böyük korrupsiya qalmaqalıdır. Bəzi fermerlər korrupsiyaya bulaşmış məmurların dəstəyi ilə torpaq sənədlərini saxtalaşdıraraq daha çox ödəniş alıblar. Nəticədə AB büdcəsindən ödəmələr dayandırılıb.
Etirazlar vətəndaşlarda narazılığı artırır. Kiritdəki ən böyük xəstəxanada təxminən 20 onkoloji xəstənin qəbulu ləğv olunub, çünki dərmanlar bağlı hava limanları səbəbindən adaya çatdırıla bilməyib.
Əvvəl xəbər verilmişdi ki, böhrana əlavə olaraq mal-qarada epidemiyanın yayılması nəticəsində yüzlərlə heyvan məhv edilib. Bu isə yalnız Yunanıstanda istehsal olunan məşhur feta pendirinin həm ölkədə, həm də dünyada çatışmazlığına səbəb ola bilər.