00:00:00
Yazar
Admin User
09.04.2025 15:05 154 2 dəq oxuma
Dünya

Yunanıstanda ümumi tətil

Yunanıstanda ümumi tətil

Bu gün Yunanıstanda həm dövlət, həm də özəl sektor işçilərinin keçirdiyi ümumi tətil ölkə üzrə ictimai xidmətləri iflic vəziyyətə salıb.

 

Tətil çərçivəsində bərə səfərləri dayandırılıb, uçuşlar ləğv olunub, ictimai nəqliyyat isə məhdud qrafiklə fəaliyyət göstərir. Etirazları Yunanıstanın əsas iki həmkarlar ittifaqı — GSEE və ADEDY təşkil edib. Aksiya iştirakçıları maaş artımı və 2012-ci ildən sonra ləğv olunan kollektiv müqavilə hüquqlarının bərpasını tələb edirlər. GSEE nümayəndəsi Yiorgos Xristopulos bildirib ki, 2012-ci ildən əvvəl Yunanıstanda işçilərin yarısından çoxunun kollektiv əmək müqaviləsi var idi və bu müqavilələr analıq məzuniyyəti kimi bir çox sosial hüquqları təmin edirdi: “İndi isə hökumət fərdi müqavilələri əsas siyasət halına gətirib. Amma fərdi müqavilə ilə işçilər işəgötürən qarşısında gücsüzdürlər”.

 

GSEE-nin açıqlamasında qeyd olunur ki, qiymətlərin artması nəticəsində 2019-cu illə müqayisədə yunan ailələri 10% daha az məhsul ala bilir. Etirazlar paytaxt Afinada və digər şəhərlərdə keçirilib. Afina küçələrinə axışan minlərlə nümayişçi "Aydındır ki, biz layiqli maaş və kollektiv müqavilə tələb edirik!" şüarları ilə parlament binası qarşısında toplaşıb. Kommunist yönümlü PAME ittifaqının üzvləri də nümayişlərdə fəal iştirak ediblər. Ölkənin digər şəhərlərində də oxşar etiraz aksiyaları keçirilib. Həmçinin bu gün gecə yarısından başlayaraq yerli və beynəlxalq uçuşlar da tamamilə dayandırılıb. Nəqliyyat vasitələri isə yalnız günün müəyyən saatlarında fəaliyyət göstərir. Yunanıstan hökuməti son illərdə minimum əməkhaqqını 35% artıraraq 880 avroya çatdırıb və 2027-ci ilə qədər bu rəqəmi 950 avroya qaldırmağı, orta aylıq əməkhaqqını isə 1500 avroya çatdırmağı vəd edib. Buna baxmayaraq, Avropa İttifaqının statistikasına əsasən, Yunanıstanın minimum maaşı alıcılıq qabiliyyəti baxımından Aİ-də ən aşağı göstəricilərdən biri olaraq qalır. Enerji, dərman və yaşayış xərclərinin artması isə vəziyyəti daha da ağırlaşdırır. Dənizçilər İttifaqının nümayəndəsi Anqelos Qalanopulos bildirib ki, qiymət artımları və inflyasiya səbəbilə maaşlarla xərclər arasındakı fərq günü-gündən artır. “Bizi sadəcə hökumətin vədləri yox, real dəyişikliklər maraqlandırır", — deyə o bildirib. Yunanıstanda iqtisadi göstəricilər Avrozonadakı digər ölkələrlə müqayisədə nisbətən yaxşı olsa da, vətəndaşların gündəlik həyatında bu inkişaf hələ ki, öz əksini tapmayıb. Həmkarlar ittifaqları isə bu vəziyyət dəyişənədək mübarizəni davam etdirmək niyyətindədirlər.

 

Al Jazeera
Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər