Zaporojye AES üzrə razılaşma yeni geosiyasi vəziyyət yaradır
Zaporojye Atom Elektrik Stansiyasından Ukrayna və Rusiyanın birgə istifadə etməsi ilə bağlı əldə olunan razılaşma regionda yeni geosiyasi reallığın formalaşmasına səbəb olub.
Mövzu ilə bağlı deputat Tahir Kərimli “İnformator.az”a bildirib ki, Ukrayna və Avropa İttifaqı hələlik bu və digər müddəalar üzrə “Tramp planı”na tam şəkildə razılıq verməyib:
“ABŞ Dövlət katibi bildirib ki, danışıqlar məhsuldar şəkildə davam edir. Hazırda ‘dövlət sərhədlərinin dəyişməzliyi’ prinsipinin danışıqların əsas bazisi kimi qəbul olunması təkid edilir. Fikrimcə, bu prinsip üzrə razılıq əldə olunarsa, Zaporojye AES-in 50/50 istifadə olunması (mülkiyyətin bölünməsi olmadan) regionda paritet balansı yarada bilər. Bu, həm Ukraynanın suverenliyinin, həm də Rusiya və Qərbin maraqlarının təmin olunmasına xidmət edər. Bununla yanaşı, gələcəkdə dinc yanaşı yaşamağa da stimul verə bilər”.
Tahir Kərimli qeyd edib ki, Rusiya nüvə silahlarından imtina etdiyi üçün Ukraynanın ərazi bütövlüyünə zəmanət verib, lakin sonradan bu öhdəliyi müxtəlif səbəblər göstərərək pozub. Bu səbəbdən Ukrayna nüvə dövləti statusunu bərpa etmək istədiyini bəyan edib:
“Ukraynanın qeyri-nüvə dövləti kimi qalması üçün Qərbin verəcəyi zəmanət kifayət etməyə bilər. ABŞ Ukraynaya müasir müdafiə və raket sistemləri verəcəyini desə də, NATO-nun 5-ci maddəsinə uyğun təhlükəsizlik zəmanəti kifayət qədər vacibdir. Ukraynanın işğal olunmuş əraziləri hərbi yolla geri qaytarmaq öhdəliyi yalnız bir halda real ola bilər. Bu öhdəlik ancaq Rusiyanın gələcəkdə parçalanması baş verərsə, özünü doğrulda bilər. Digər hallarda bu mümkün görünmür. Çünki Ukraynanın NATO-ya inteqrasiya istəyi və Rusiyanın həmin əraziləri Malorossiya kimi görməsi prosesi çətinləşdirir”.
Fatimə Hüseynli
