Zelenski ABŞ səfərində
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-yə səfər edib. Bu barədə prezident özü məlumat verib. Qeyd edək ki, Zelenskinin Prezident Donald Trampla görüşü planlaşdırılır.
Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın qarşısında duran əsas məsələ Rusiya-Ukrayna müharibəsinin qarşısını almaqdır:
“Zelenskinin ABŞ-yə səfəri barədə ilk bəyanatı elə ABŞ prezidenti özü verib. Məlum olduğu kimi, Yaxın Şərqdə atəşkəs elan oldunduqdan sonra sülh ətrafında danışılar gedə-gedə Tramp bəyan edib ki, Yaxın Şərqdə atəşkəsə nail olub və qarşısını aldığı müharibələrin sayına biri də əlavə olunaraq səkkiz olub. İndi onun qarşısında duran əsas məsələ Rusiya-Ukrayna müharibəsinin qarşısını almaqdır və bundan sonra var qüvvəsini sərf edəcək ki, bu müharibənin qarşısını alsın. Eləcə də olur. Səfərdən, yəni Şarm əş-Şeyxdən qayıdan kimi Zelenski ilə görüş haqqında bəyanat verir. Oktyabr ayının 17-də Zelenski ilə görüşəcəyini, Rusiya-Ukrayna müharibəsinin taleyini həll edəcəyini və bu görüşə qədər Ukrayna prezidenti ilə telefon danışığı aparacağını bildirib və Ukrayna prezidenti ilə telefon danışığı aparıb”.
Ekspert qeyd edib ki, ABŞ-nin Rusiya ilə ciddi şəkildə qarşı-qarşıya durmaqda maraqlı olmadığı görünür:
“Tramp əvvəllər söz verib ki, Ukraynaya yeni raket sistemləri, yəni qanadlı raket sistemi olan Tomaqavq raketi verəcək. Digər iki məsələ də var. Bu, Ukraynanın havadan müdafiə sisteminin möhkəmləndirilməsi və Ukrayna ilə birlikdə dron istehsalına başlanılmasıdır. Tramp ona söz verir ki, Tomaqavq silahları verəcək. Amma Zelenski ABŞ-yə çatımamış artıq Tramp digər bəyanatları verir və o hesab edir ki, Tomaqavq silahları çox güclü silahlardır. Bunlara Amerika Birləşmiş Ştatlarının özünün ehtiyacı var. O hələ düşünür bu silahların verilib-verilməməsi barədə və s. sonuncu bəyanatdan belə nəticəyə gəlmək olar ki, Tramp Tomaqavq silahlarını vermək istiqamətində fikirlərini dəyişib. Belə olan surətdə Zelenski ABŞ-dən əliboş qayıdacaq. Beləliklə, Zelenski-Tramp görüşü nəticəsiz başa çatacaq. Görünən odur ki, ABŞ Rusiya ilə ciddi şəkildə qarşı-qarşıya durmaqda maraqlı deyil. Putinlə görüş də iki həftə ərzində Budapeştdə nəzərdə tutulub. Mən hesab edirəm və mütəxəssislər də o fikirdədirlər ki, bu dəfə də Tramp-Zelenski görüşü istənilən nəticəni verməyəcək. Bu, Rusiya-Ukrayna müharibəsinə ciddi təsir göstərməyəcək. Biz yenə Tramp-Zelenski görüşünün nəticələrini və daha sonra isə Tramp-Putin görüşünü gözləməliyik. Çünki, ABŞ çox böyük ümidlər bəsləyir ki, Putini müəyyən mənada danışıqlar masası arxasına gətirsin. Adı çəkilən silahlar Ukraynaya verilmədən Putini danışıqlar masası arxasına oturtsun. Hər halda, bu iki görüşü gözləməliyik ki, müəyyən nəticələr çıxaraq. Bu görüşün nəticələri olmadan da Zelenski-Trump görüşünün regiona hansı təsirlər göstərəcəyi haqqında danışmaq mümkün deyil. Eyni zamanda Rusiya-Ukrayna müharibəsinin nəticəsinin də nə olacağını söyləyə bilmirik. Görüşün nəticələrini gözləməkdən başqa çıxış yolumuz yoxdur”.
Lalə Qurbanlı
