Zelenski hərbi vəziyyəti uzadıb
Ukrayna rəhbərliyi müharibə şəraitində təhlükəsizlik tədbirlərini gücləndirir. Prezident Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin növbəti dəfə uzadılmasına dair qərar imzalayıb.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna cəbhəsində gözləntilər özünü doğrultmayıb:
"Belə ki, noyabr ayı payız fəslinə təsadüf etdiyindən, Ukrayna tərəfi hesab edirdi ki, qış aylarında Rusiya ordusu bataqlıq ərazilər səbəbindən Ukrayna istiqamətində hücum həyata keçirə bilməyəcək. Lakin əksinə olaraq, bu gün Rusiya ordusu Ukrayna ərazisində irəliləyiş əldə edir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin də bəyanat verib. O bildirib ki, “biz artıq Dnepropetrovsk vilayətinin bir hissəsini və Vişnevski istiqamətini Rusiya ordusu tərəfindən ələ keçirmişik”. Putin əlavə edib ki, “Əgər kimsə buna inanmırsa, biz 5-6 saatlıq atəşkəs elan etməyə və həmin əraziyə, o cümlədən Ukrayna jurnalistlərini də dəvət etməyə hazırıq ki, onlar vəziyyəti yerindəcə müşahidə etsinlər”. Bu isə onu göstərir ki, Rusiya ordusu müəyyən istiqamətlərdə irəliləyir. Bu baxımdan Ukrayna Prezidenti Zelenskinin fərmanı məntiqli görünür. Çünki müharibə rejiminin daha 90 gün, yəni üç ay müddətinə uzadılması və səfərbərliyin yenidən elan olunması Ukrayna üçün çıxış yollarından biri kimi qiymətləndirilə bilər".
Ekspert həmçinin bunu da qeyd edib ki, həm Avropa, həm də Amerika ekspertlərinin fikrincə, Ukraynanın əsas problemləri silah çatışmazlığı və canlı qüvvə azlığı ilə bağlıdır:
"Yəni, Ukraynada canlı qüvvə ehtiyatı kifayət qədər deyil. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya Prezidenti Putin də təxminən bir ay əvvəl ölkədəki rezervistlərin müharibəyə cəlb edilməsi barədə fərman imzalayıb. Bu isə göstərir ki, Rusiya tərəfi də canlı qüvvə çatışmazlığı problemi ilə üzləşir. Həmin fərmana əsasən, təxminən 2 milyonadək Rusiya vətəndaşı hərbi xidmətə cəlb olunur. Beləliklə, vəziyyət iki tərəflidir. Hər iki tərəf böyük itkilər verir. Bəzi mənbələrdə, o cümlədən Donald Trampın da dediyi kimi, hər iki tərəfdən təqribən yüz minlərlə hərbçi cəbhədə itki verir. Bu səbəbdən müharibə hələ də davam edir. Mən hesab etmirəm ki, Zelenskinin bu fərmanı Ukraynanın ziyanına olacaq və ya ölkə daxilində ciddi gərginliyə səbəb yaradacaq. Əksinə, bu addım Ukraynanın müdafiə qabiliyyətini qorumaq üçün zəruri görünür".
Güllər Gülhüseynova
