Zelenski müharibə vəziyyətinə realist yanaşmalıdır
Ukrayna lideri Vladimir Zelenski mövcud münaqişə vəziyyətinə realist yanaşmalıdır. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışında deyib.
Tramp əlavə edib ki, Ukraynada seçkilərin keçirilməməsi onun demokratikliyi ilə bağlı suallar doğurur.Ağ Ev rəhbəri həmçinin Ukraynada korrupsiyanın geniş yayılmasını da yenidən xatırladıb. Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya hərbi vəziyyət şəraitində seçkilər haqqında qanunlar hazırlamağı təklif edib.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az” a açıqlama edib:
“Tramp administrasiyasının danışıqlara dair mövqeyi, xüsusilə Ukraynanın prosesə razılıq verməsi məsələsi, son günlər geniş müzakirə olunur. Burada qeyd edilməlidir ki, danışıqlar məsələsində Ukraynanın hər hansı problemi yoxdur. Müharibənin ilk günündən bu günə qədər Kiyev bütün diplomatik formatlarda iştirak edib və heç vaxt danışıqlardan yayınmayıb. Əksinə, Rusiya prosesi sabotaj etdikdə və müxtəlif bəhanələrlə uzatdıqda belə, Ukraynanın dialoqa açıq mövqe nümayiş etdirdiyi müşahidə olunub. Ukraynanın əsas problemi danışıqların özündə deyil, ondan tələb olunan şərtlərdədir. Kiyev öz suverenliyindən imtina etmək istəmir. Məsələ ondadır ki, həm Rusiya, həm də hazırda Tramp administrasiyası Ukraynadan müəyyən güzəştlər tələb edir – işğal edilmiş ərazilərin verilməsi, NATO üzvlüyü ambisiyasından imtina edilməsi və ordunun kiçildilməsi kimi. Bu tələblər Ukraynanın milli suverenliyini təhdid etdiyinə görə Kiyev bu məsələlərə razılıq vermir və danışıqlar prosesinin uzanması da bundan qaynaqlanır. Bu isə bəzən Ukraynanın danışıqlara açıq olmadığı kimi yanlış təsəvvür yaradır. Əslində Ukrayna danışıqlara açıqdır, sadəcə, öz milli maraqlarını və beynəlxalq hüquqa əsaslanan prinsipləri rəhbər tutur”.
H. Səhrablı qeyd edib ki, Ukraynada seçkilərin keçirilməməsinin beynəlxalq imicə təsirinə gəldikdə isə burada əsas məsələ dövlətlərin siyasi yanaşmasıdır:
“Ukraynanın imicini müəyyən edən seçkilər və ya digər daxili məsələlər deyil, müxtəlif dövlətlərin mövqeləridir. Məsələn, Avropada Ukraynanın nüfuzu kifayət qədər yüksəkdir və bir çox Avropa ölkələri Kiyevi açıq şəkildə dəstəkləyir. Bayden administrasiyası dövründə ABŞ-də eyni mövqedən çıxış edib. Tramp administrasiyasının fərqli siyasət yürütməsi səbəbindən Ukraynanın niyyətləri indi Vaşinqton tərəfindən daha fərqli qiymətləndirilir.
Asiya ölkələrinin də mövqeləri müxtəlifdir: bəziləri Ukraynanın haqlı olduğunu, bəziləri isə Rusiyanın mövqeyini dəstəkləyir. Lakin beynəlxalq hüquqa əsasən, Ukrayna işğala məruz qalan tərəfdir və bu fakt onun beynəlxalq mövqeyini zəiflətməməlidir. Korrupsiya iddialarının Qərbin Ukraynaya təzyiqlərini artırıb-artırmaması məsələsinə gəldikdə isə, artıq “Qərb” vahid blok kimi mövcud deyil. Tramp administrasiyası ABŞ-ni Avropadan siyasi baxımdan ayırdığından Qərb anlayışı faktiki olaraq parçalanıb. Bu gün yalnız Qərbi Avropa ölkələrini “Qərb” adı ilə qeyd etmək mümkündür. ABŞ artıq əvvəlki kimi müttəfiqlik siyasəti yürütmür və daha sərbəst, özünəməxsus mövqe ortaya qoyur. Bu şəraitdə korrupsiya iddiaları Tramp administrasiyasının Ukraynaya qarşı sərt mövqeyini əsaslandırmaq üçün istifadə oluna bilər. Lakin Avropa ölkələrinin Ukrayna hökuməti ilə bağlı hər hansı fundamental problemi yoxdur və Avropa regionun təhlükəsizliyi naminə Ukraynanın güclənməsində maraqlı olaraq qalır”.
Ləman Mahmudlu
