Zelenski müharibəni bitirə biləcək memorandum ideyasına yaşıl işıq yandırıb
Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Trampla telefon danışığını və Rusiya Prezidenti Vladimir Putinin son açıqlamasını şərh edib. O, Putin-Tramp danışığından sonra müharibəni bitirə biləcək memorandum üzərində Ukrayna ilə işləməyə hazır olduqları mesajına toxunub.
Zelenski memorandumla bağlı hələ ətraflı məlumatın olmadığını qeyd edib, lakin belə bir sənədin atəşkəsi əhatə etməli olduğunu bildirib:
“Anladığım qədəri ilə ABŞ və Rusiya ikitərəfli formatda bu mövzunu müzakirə ediblər. Əgər Rusiya memorandum təklif edərsə və bu məlumat gizli olmazsa, o zaman ictimaiyyətlə bölüşüləcək”, – deyə o bildirib.
Prezident, Ukraynanın bu sənədə öz mövqeyini Rusiyanın rəsmi təklifi olduqdan sonra formalaşdıracağını bildirib. O, İstanbul danışıqlarına ev sahibliyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Xarici İşlər Naziri Hakan Fidana təşəkkür edib, gələcək müzakirələrin Türkiyə, Vatikan və ya İsveçrədə keçirilə biləcəyini vurğulayıb.
Zelenski sonda Ukraynanın ərazi bütövlüyündən imtina etməyəcəyini bir daha bildirib:
“Heç kim əsgərlərimizi torpaqlarımızdan çıxarmayacaq. Biz torpağımızı və xalqımızı təslim etməyəcəyik”.
TRT Xəbər
Xəlilli Nigar